Zelenski Liviya sahillərində Rusiya korvetinin vurulmasından danışıb


Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz dəniz aparatlarının Liviya sahillərində Rusiyaya məxsus “Merkuri” korvetinin və Ka-27 helikopterinin vurulmasından danışıb.
Yeniavaz.com
xəbər verir ki, Zelenski əməliyyatın Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Müdafiə Qüvvələrinin digər bölmələri tərəfindən birgə həyata keçirildiyini bildirib.
Ukrayna Prezidenti bildirib ki, Rusiya tərəfi pilotsuz aparatların hücumunun qarşısını almağa çalışsa da, buna nail ola bilməyib. Nəticədə “Merkuri” korveti batırılıb. Əməliyyatın digər hədəfi isə Rusiyanın silah daşınmasında istifadə etdiyi “MV Angara” gəmisi olub.
Zelenski qeyd edib ki, “Merkuri” Rusiyanın ən yeni hərbi gəmilərindən biridir və 2023-cü ildə, Rusiya-Ukrayna müharibəsi davam etdiyi dövrdə istismara verilib. O, Ukraynanın müəyyən sularda hərbi əməliyyatlarını davam etdirəcəyini də vurğulayıb.
Məlumata görə, hücum Liviyanın Benqazi limanında baş verib. Bir gün əvvəl Liviyanın şərqindəki yerli hakimiyyət orqanları gəmiyə pilotsuz aparatlarla hücum edildiyini və nəticədə yanğın baş verdiyini açıqlamışdı. Həmin vaxt gəmiyə dəyən ziyanın miqyası barədə dəqiq məlumat verilməmişdi.
“Əl-Cəzirə” telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, korvet silah, sursat və pilotsuz uçuş aparatları daşıyırmış. Mənbələr partlayış nəticəsində naməlum sayda Liviya və Rusiya vətəndaşının həlak olduğunu bildiriblər. Yerli sakinlər isə gəmiyə üç dron hücumunun şahidi olduqlarını deyiblər.
Telekanalın yayımladığı peyk görüntülərində gəminin böyük hissəsinin çevrilərək suya qərq olduğu, yalnız burun hissəsinin suyun üzərində qaldığı görünür. Həmçinin gəminin üst quruluşu və körpü hissəsindən tüstünün yüksəldiyi müşahidə olunur.
“Associated Press” agentliyinin iki hərbi rəsmiyə istinadən verdiyi məlumata görə, hücum Ukrayna qüvvələrinin nəzarətində olan Qərbi Liviyadakı hərbi bazadan həyata keçirilib. Əməliyyatda bir neçə Ukrayna dronundan istifadə olunub.
Mənbələrin bildirdiyinə görə, Rusiyanın müdafiə vasitələri azı dörd dronu ələ keçirərək məhv edib, iki pilotsuz aparat isə birbaşa gəmiyə zərbə endirib.

DİGƏR XƏBƏRLƏR

Top