Bakının ticarət mərkəzləri necə qorunur?

“28 Mall” və “Gənclik Mall”da quraşdırılan cihazlar hələ işləmir; “Park Bulvar” müştəriləri “gözləri ilə yoxlayırlar”, “Metropark”da isə...

Bakıda bəzi iri ticarət mərkəzlərində təhlükəsizlik cihazları quraşdırılsa da, əslində vəziyyət başqadır. Belə ki, ticarət mərkəzlərində təhlükəsizlik üçün girişlərə qoyulan xüsusi cihazlar işlək vəziyyətdə deyil.

Bəlli olduğu kimi, bu günlərdə Dövlət Təhlükəsizlik Xidməti (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - “Abu Hafsa” ləqəbli M.Ulubəyovun, “Abdulqərib” ləqəbli Q.Dəmirovun, “Əbdülxalid” ləqəbli F.Sadıqovun, T.Alməmmədovun və “Abdullah” ləqəbli S.Məmmədovla silahlı qarşıdurma olub.

Əməliyyat zamanı qrup üzvlərindən M.Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov məhv edilib, F.Sadıqov isə şübhəli şəxs qismində tutulub.

Məlumatdan aydın olur ki, bu şəxslər şəhərin müxtəlif yerlərində terror törətməyi planlaşdırıblar.

Bu gün paytaxt ərazilərində insanların ən çox toplaşdığı yerlər iri ticarət mərkəzləridir. Bu ticarət mərkəzlərində təkcə alış-veriş mağazaları deyil, kafelər, kinoteatr, uşaqların əylənməsi üçün xüsusi yerlər də var. Bu baxımdan həmin mərkəzlərin qorunması da yüksək səviyyədə olmalıdır. Ancaq bu belədirmi?

İlk olaraq “28 Mall” ticarət mərkəzini qeyd edək. Müşahidə etdik ki, ticarət mərkəzi özəl mühafizə tərəfindən qorunur. Hər mərtəbədə mühafizəçilərə rast gəlmək olur. Girişdə isə əllərində xüsusi yoxlama cihazları olan mühafizəçilər dayanır. Onlar da əli çantalı insanların bir qismini yoxlayırlar. Çünki fiziki olaraq, hamını yoxlamaq imkanı yoxdur. Bu problemi həll etmək üçün bir aya yaxındır ki, ticarət mərkəzinin girişlərinə olduqca baha qiymətə olan xüsusi cihazlar da qoyulub. Lakin bunların heç biri işlək vəziyyətdə deyil.

Məsələ ilə bağlı məlumat almaq üçün “28 Mall”ın məlumat mərkəzinə müraciət etdik. Bildirdilər ki, cihazlar doğrudan da hələ qoşulmayıb. Bunun nə zaman qoşulacağı isə dəqiq məlum deyil. “Ticarət mərkəzini neçə mühafizəçi qoruyur” sualımıza cavab olaraq bildirildi ki, bu haqda məlumat verə bilməzlər.

Oxşar hal “Gənclik Mall”da da yaşanır. Burada girişdəki mühafizəçilər bir qədər daha aktivdirlər və demək olar ki, içəri girən hər bir çantalı şəxsi yoxlayırlar. Lakin bu ticarət mərkəzinin də girişinə qoyulan cihazlar, iki aydan çoxdur ki, işləmir.

Səbəbini öyrənmək üçün elə mühafizəçilərin özlərinə müraciət etdik. Bildirildi ki, yaxın günlərdə həmin cihazlar işləyəcək: “Bu cihazlar hava limanında quraşdırılandan daha bahalı və dəqiq işləyir. Belə ki, cihazın yoxlamasından keçən şəxsin bədəninin hansı nahiyəsində dəmir varsa, bilinəcək. Eyni zamanda bu cihazların şüası çox zərərli deyil. Ona görə də uşaqların da buradan keçirilməsində problem olmayacaq. Çünki qeyd etdiyim kimi, şüa güclü deyil. Əgər cihaz siqnal versə ki, şəxsin üzərində dəmir maddə var, onu mühafizəçilər yoxlayacaqlar. Belə ki, kişiləri kişi mühafizəçi, qadınları isə qadın mühafizəçi yoxlamalıdır. Həmin mühafizəçilər işə götürüldükdən sonra cihazlar da işlək vəziyyətə gətiriləcək. Yəni növbəti həftədən etibarən cihazlar qoşulacaq”.

“Park Bulvar” ticarət mərkəzində isə bu cihazlar ümumiyyətlə, yoxdur. Mərkəzi “Xəzər” mühafizə xidmətinin əməkdaşları qoruyurlar. Onlar isə içəri daxil olan müştəriləri “gözləri ilə yoxlayırlar”. Çünki heç bir cihazları yoxdur...

“Metropark” ticarət mərkəzində isə mühafizə yüksək səviyyədə qurulub. Burada həm mərtəbələrdə mühafizəçilərə rast gəlmək olur, həm də girişdə quraşdırılan cihazlar işlər vəziyyətdədir. İçəri daxil olmaq istəyən hər bir şəxs ciddi şəkildə yoxlanılır.musavat.com

DİGƏR XƏBƏRLƏR

Top