Müxalifət istəməsə, Paşinyan yeni konstitusiyanı qəbul etdirə bilməyəcək


Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 23-də yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib.
Yeniavaz.com xəbər verir ki, layihənin ən mühüm məqamlarından biri onun preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın olmamasıdır.
Azərbaycan tərəfi uzun müddətdir həmin Bəyannaməyə və onun əsasında formalaşan ərazi iddialarına işarə edərək Ermənistan Konstitusiyasının dəyişdirilməsini sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri kimi irəli sürür.
Qeyd edək ki, layihənin referendum səviyyəsinə çatması üçün əvvəlcə Ermənistan parlamentində siyasi maneənin aradan qaldırılması tələb olunur.
Ermənistan Konstitusiyasına əsasən, yeni Konstitusiyanın referendumla qəbul edilməsi prosesinin başlanması üçün parlamentdə deputatların ən azı üçdə ikisinin, yəni 105 deputatdan 70-nin səsi tələb olunur.
2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərindən sonra hakim “Vətəndaş Müqaviləsi” partiyasının 64 mandatı var. Müxalif “Güclü Ermənistan” alyansı 29, “Ermənistan” alyansı isə 12 deputatla parlamentdə təmsil olunur.
Paşinyan hökumətinin referendumun keçirilməsi üçün daha 6 deputatın dəstəyinə ehtiyacı var.
Lakin müxalifət fraksiyaları indiyədək layihəyə dəstək verməyəcəklərini bəyan ediblər. Onların fikrincə, yeni Konstitusiya layihəsi Azərbaycanın tələbləri əsasında hazırlanıb və Ermənistanın dövlətçilik maraqlarına uyğun deyil.
Yaranmış vəziyyətdən çıxış yolu tapmağa çalışan Nikol Paşinyan müxalifətə referendumun keçirilməsinə imkan verəcək 6 səsi təmin etməyi təklif edib.
Baş nazir bildirib ki, müxalifət layihənin referendum səviyyəsinə çıxarılmasına mane olmasa, sənədin taleyini xalq müəyyən edə bilər.
Paşinyan bunun müqabilində iki öhdəlik götürməyə hazır olduğunu açıqlayıb. Belə ki, referendumda Konstitusiya layihəsi rədd edilərsə, nəticələr elan olunduqdan sonra bir həftə ərzində istefa verəcəyini, layihə qəbul olunarsa, növbəti parlament seçkilərində baş nazirliyə namizəd olmayacağını bildirib.
Ancaq müxalifət bu təklifi qəbul etməyib. Onlar hesab edirlər ki, hakimiyyətlə belə bir razılaşmaya getmək siyasi məsuliyyət yarada bilər və bu, layihənin mahiyyətinə dair onların etirazlarını aradan qaldırmır.

DİGƏR XƏBƏRLƏR

Top