
ABŞ Senatında respublikaçılar prezident Donald Trampın Pentaqonda rəhbər vəzifələrə irəli sürdüyü azı iki namizədin təsdiqlənməsinə mane olmağa hazırlaşırlar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti hazırkı və keçmiş rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, Ostin Deymer və Aleks Veles-Qrin bir ildən çoxdur Pentaqonun Strategiya, Planlaşdırma və İmkanlar İdarəsinin direktoru və direktor müavini vəzifələrinə namizəd göstəriliblər. Lakin administrasiyanın aylarla davam edən səylərinə baxmayaraq, onların təsdiqi üçün kifayət qədər səs toplanmayıb.
Namizədlərin təsdiqinə qarşı çıxan respublikaçılarla Pentaqon arasında fikir ayrılıqları əsasən ABŞ-nin xarici siyasəti və müdafiə strategiyası ilə bağlıdır. Mübahisələr Pentaqonun Rumıniyadan ABŞ hərbi briqadasını çıxarmaq qərarından sonra daha da dərinləşib.
Bundan başqa, Tramp administrasiyası Hərbi Dəniz Qüvvələri naziri vəzifəsinə namizəd Hunq Kaonun və ordu qərargahının rəisi vəzifəsinə namizəd general Kris LaNivin təsdiqi ilə bağlı da çətinliklərlə üzləşib.
Qeyd edək ki, Pentaqon rəhbərliyi müdafiə xərcləri üçün əlavə 350 milyard dollar ayrılmasına çalışır. Vəsaitin bir hissəsinin İranla müharibə zamanı azalan sursat və silah ehtiyatlarının bərpasına yönəldilməsi nəzərdə tutulur.
Tətbiqimizi yükləyə bilərsiniz