Spirtli içki xərçəngin müalicəsinin effektivliyini 50% azalda bilər


Müntəzəm spirtli içki qəbulu xərçəngin immunoterapiya ilə müalicəsinin effektivliyini təxminən 50% azalda bilər.
Yeniavaz.com
xəbər verir ki, bu qənaətə ABŞ alimləri ağciyər və sidik kisəsi xərçəngi olan siçanlar üzərində apardıqları təcrübələr, eləcə də ağciyər xərçəngindən müalicə alan xəstələrin tibbi məlumatlarını təhlil etdikdən sonra gəliblər.
Tədqiqatın nəticələri “Science Signaling” elmi jurnalında dərc olunub.
Alimlər təcrübə zamanı beş həftə ərzində siçanlara müxtəlif miqdarda spirtli içki veriblər. Daha sonra heyvanlara xərçəng hüceyrələri yeridilib və immunoterapiya tətbiq olunub.
Nəticələr göstərib ki, spirtli içki qəbulu müalicənin effektivliyini təxminən 50% azaldıb. Bununla yanaşı, şişlərin yenidən böyüməsi ehtimalı da artıb.
Tədqiqatçılar 2014-2018-ci illərdə Şimali Karolina Universitetinin Çapel-Hill şəhərində yerləşən onkoloji xəstəxanasında müalicə alan xəstələrin məlumatlarını da araşdırıblar. Məlum olub ki, həftədə bir porsiyadan çox spirtli içki qəbul edən ağciyər xərçəngi xəstələrində PD-1 inhibitorları ilə müalicənin sağqalma baxımından üstünlüyü daha zəif ifadə olunub.
Alimlər spirtli içkinin immunoterapiyanın effektivliyini hansı mexanizmlə azaltdığını da müəyyənləşdiriblər. Belə ki, spirtin təsiri nəticəsində şiş toxumasında xərçənglə mübarizədə iştirak edən CD4+ və CD8+ T-limfositlərinin sayı azalıb. Eyni zamanda, CD8+ hüceyrələrinin aktivliyi zəifləyib, onların şiş hüceyrələrinə qarşı mübarizədə mühüm rol oynayan interferon-qamma zülalını istehsal etməsi azalıb.
Bundan başqa, immun hüceyrələrinin fəaliyyətini məhdudlaşdıran TIGIT reseptorunun aktivliyində artım müşahidə olunub. Bu reseptor normalda immun sisteminin həddindən artıq aktivləşməsinin qarşısını alsa da, şişlərin mövcud olduğu şəraitdə xərçəngə qarşı mübarizəyə mane ola bilər.
Tədqiqat müəllifləri bildirirlər ki, spirtli içki qəbulunun insanlarda immunoterapiyanın effektivliyinə təsirini dəqiq müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var. Onların fikrincə, xərçəng xəstələrinin tibbi məlumat bazalarında spirtli içki qəbulu ilə bağlı məlumatların sistemli şəkildə qeydə alınması bu əlaqənin daha dəqiq öyrənilməsinə imkan verə bilər.

DİGƏR XƏBƏRLƏR

Top