
Qızmar günəş. Qumlu sahil. Sahildə bir uşaq oynayır. Əlindəki oyuncaq bellə qumu götürüb, oyuncaq vedrəsinə doldurur. Sonra da qumla dolu verdəni ağzı aşağı çevirərək yerə qoyur və qaldırır. Hər vedrə qala divarının bir bürcünə çevrilir. Və uşaq sevinir...
Uşaq günortadan bəri eyni işi görür. Xəndəklər qazır, divarlar hörür. Qalanın üzərində toplar üçün mazğallar açır. Xəndəyin üzərinə qoyduğu dondurma çubuğu körpü olur...
Böyük şəhər. İnsan dolu küçələr. Maşın dolu yollar. Bir adam öz iş otağında oturub işləyir. Bir tərəfdən çiyni ilə saxlamağa çalışdığı telefonla kiminləsə danışır, bir tərəfdən də barmaqları kompüterin dilləri üzərində gəzişir. Hər söz yeni bir sifarişə çevrilir. Hər rəqəm yeni bir gəlirlə nəticələnir. Və adam sevinir...
Adam bütün ömrü boyu belə olacaq. Planlar quracaq, layihələr cızacaq. Aldığı sifarişlər, əldə etdiyi gəlirlər onun üçün bir qala divarı olacaq. Hər sifariş, hər gəlir onun üçün bir körpüyə çevriləcək.
Əslində, hər iki qalanın memarları bir-birinə bənzəyir. İkisi də kiçik qumlardan böyük qalalar qurur. İkisi də qətiyyətlidir, ikisi də əzmlidir. Ancaq bu qalaları uçurmaq üçün hazır olan dalğalar da uzaqda deyil. Nə vaxtsa dalğalar gələcək və qalaları uçuracaq...
Bənzərliklər də elə burada sona çatır. Uşaq bir addım sonrakı aqibətini görür. Böyük isə sanki heç bir şey olmayacaqmış kimi bütün bunları görməməzliyə vurur.
Dalğaların yaxınlaşdığını görən uşaq ayağa qalxır və əlini çırpmağa başlayır. Ürəyində nə kədər var, nə qorxu. Heç peşmanlıq da yoxdur. Çünki bir az sonra nə olacağını bilir və zərrə qədər də təəccüblənmir. Nəhayət, ən böyük dalğa qalasını yuyub aparanda gülümsəyir. Oyuncaqlarını toplayır, atasının əlindən tutur və gedir...
Ancaq böyük isə o qədər ağıllı deyil. Zaman dalğaları qalasını uçuranda dəhşətə gəlir. Nə olur-olsun, qumdan qurduğu qalasını qorumağa çalışır. İllər bir-bir qalasının divarlarını yuduqca, əlindən heç bir şey gəlmir. Təkcə üzünü ucsuz-bucaqsız zaman dənizinə tutub: “Bu mənim qalamdır”, - deyə qışqırmaqdan başqa... Zaman dənizi isə ona cavab da vermir.
Uşaq da, dalğalar da qumun və qalaların kimə aid olduğunu bilir. Bəs böyük necə, o da bilir?..
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz