
“YouTube” platformanın məzmununun gənclərin psixoloji sağlamlığına zərər vermək və asılılıq yaratmaq üçün nəzərdə tutulduğu iddiası ilə ABŞ-dəki məktəb rayonlarına (məktəb rayonları (school districts) ABŞ-də dövlət məktəblərini idarə edən yerli inzibati vahidlərdir - red.) təxminən 3 milyard dollar təzminat ödəmək üçün ilkin razılığa gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, onlayn video platforması şagirdlərə psixoloji sağlamlıq problemlərinin öhdəsindən gəlməyə kömək etmək üçün əlavə məsləhət və dəstək xidmətləri göstərən minlərlə məktəb rayonunun xərclərini ödəyəcək bir razılaşma əldə etməyə yaxındır.
Razılaşmanın tamamlanması üçün məktəb rayonlarının əksəriyyəti tərəfindən şərtlərin qəbul edilməsi tələb olunur.
Razılaşma həmçinin, Kaliforniyanın Oklend dairəsinin hakimi İvon Qonsales Rocers tərəfindən də təsdiqlənməlidir.
Digər tərəfdən, ABŞ-də Nyu-York və Los-Anceles kimi böyük şəhərlərdəki, eləcə də kiçik yaşayış məntəqələrindəki məktəb rayonları “Meta”, “Snap” və “TikTok”a qarşı oxşar məhkəmə iddiaları qaldırıblar.
İddiaçılar sosial media platformalarının öz platformalarını gənc istifadəçilərin tətbiqlərdə daha uzun müddət qalması üçün dizayn etdiyini, həmçinin bunun üçün xüsusi alqoritmlərdən istifadə etdiyini, bu dizayn formalarının isə onlarda depressiya, təşviş pozğunluqları və qidalanma pozğunluqları kimi problemlərə gətirb çıxardığını bildirirlər.
Məktəb rayonları şirkətlərdən maliyyə dəstəyi və dizayn dəyişiklikləri tələb edərək, şagirdlərin telefon istifadəsini məhdudlaşdırmaq və psixoloji sağlamlıq xidmətləri göstərmək üçün işçilər qəbul etməyə məcbur olduqlarını bildirirlər.
Buna baxmayaraq, şirkətlər bu ittihamları rədd edirlər.
“YouTube”u digər sosial media platformalarından fərqləndirən cəhət isə onun məktəblərdə təhsil məqsədləri üçün geniş istifadəsidir. ABŞ-də yerləşən Tomas B. Fordhem İnstitutu tərəfindən sentyabr ayında 2000-dən çox lisey şagirdi ilə aparılan araşdırmaya görə şagirdlərin 30%-dən çoxu məktəb saatlarında təhsil fəaliyyətləri əvəzinə əyləncə üçün “YouTube”dan istifadə edir.
Tətbiqimizi yükləyə bilərsiniz