Ananın bətnində yox, ürəyində böyümək...


(Həyat dərsi)

On iki il idi ki, evlənmişdik. Ancaq uşaq sahibi ola bilməmişdik. Müalicə üçün həkimə getsək də, həmişə eyni şeyi eşitmişdik: “Bu vəziyyətdə uşaq sahibi olmaq mümkün deyil”. Hər dəfə bu sözü eşidəndə ümidimizi bir az da itirmişdik. Ancaq bir gün həyat yoldaşıma: “Niyə uşaq evindən bir uşaq götürmürük?” - dedim. Və sonra da əlavə etdim: “Bəlkə də, Allah bizdən bunu istəyir. Bəlkə də, buna görə uşaq sahibi ola bilmirik”...
Ertəsi gün həyat yoldaşımla uşaq evinə üz tutduq. Və kiçik yaşlı uşaqların qaldığı bölməni soruşduq.
İçəri girər-girməz elə ilk onu gördüm. Ayaqlarını havaya qaldırmış, əlləri ilə onları tutmağa çalışırdı. O qədər gözəl idi ki, gözlərimi ondan ayıra bilmirdim. Və həyat yoldaşıma: “Gəl, bu uşağı götürək!” - dedim. Elə ilk baxışdan ona qarşı qeyri-adi bir sevgi hiss etmişdim. Və sanki öz doğduğum bir uşağı əmanət qoyduğum yerdən götürmək üçün gəlmişdim. Ancaq uşaq evinin rəhbərləri bu işin o qədər də asan olmadığını dedilər. Mən isə üzümü həyat yoldaşıma tutdum və bir az da qətiyyətlə: “Nə olursa-olsun, bu uşağı götürəcəyəm”, - dedim. Əslində, o da məndən az qətiyyətli deyildi. Və o gündən bir yerdə mübarizəyə başladıq.
O uşağı övladlığa götürmək doğrudan da asan olmadı. Hətta bunun üçün nə qədər sınaqdan keçdik. Ancaq aylarla əlləşib-vuruşandan sonra, nəhayət o uşağı götürdük. Qızımızın evimizə qədəm qoyması ilə evimizin üzümüzə gülməsi bir oldu. Artıq evimizdəki hava da sanki tamam başqa idi.
O, doğrudan da çox gözəl bir uşaq idi. Həyat yoldaşımın da, mənim də onun üçün ürəyimiz gedirdi. Qızım məktəb yaşına çatanda isə ona həqiqəti dedik. Artıq o bizim doğma ata-anası olmadığımızı bilirdi. Ancaq bir şey də var ki, bu həqiqəti öyrənmək onda gözlədiyimiz böhrana səbəb olmadı. Çünki o nə qədər balaca olsa da, ürəyi o qədər böyük idi...
Bir gün qızımın rəfiqəsi ilə bir söhbətinə şahid oldum. Və qızımın rəfiqəsinə dediyi sözlər o gün mənə həyatda aldığım ən böyük mükafat oldu. Qızım: “Atam-anam məni övladlığa götürüblər!” - dedi. Rəfiqəsi təəccüb dolu bir ifadə ilə: “Övladlıq nə deməkdir?” - deyə soruşdu. Qızım isə... Qızım isə: “Ananın bətnində yox, ürəyində böyüməkdir”, - deyə cavab verdi...

DİGƏR XƏBƏRLƏR

Top