Azərbaycanda pambıq istehsalı kəskin azalıb


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 154 min 205 ton pambıq istehsal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövründə isə 225 min 466,4 ton pambıq tədarük olunub.
Beləliklə, bu ilin yanvar-oktyabr aylarında pambıq istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 71 min 261,4 ton və ya 31,6 faiz azalıb.
Qeyd edək ki, rayonlar üzrə ən çox pambıq Saatlı rayonunda yığılıb. Belə ki, bu ilin ilk 10 ayında bu rayonda 19 min 520,4 ton pambıq istehsal edilib.
Ən az pambıq isə Füzuli rayonunda yığılıb. Burada istehsal 1 173,8 ton təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə pambıq istehsalında ən böyük azalma Sabirabad rayonunda qeydə alınıb. Belə ki, rayonda pambıq istehsalı 28 min 948,4 tondan 13 min 179,2 tona düşüb. Nəticədə istehsal 15 min 769,2 ton və ya 54,5 faiz azalıb.
İqtisadi rayonlar üzrə göstəricilərə gəlincə, 2026-cı ilin yanvar-oktyabr aylarında ən çox pambıq Mil-Muğan iqtisadi rayonunda istehsal olunub. Bu bölgədə 58 min 681,5 ton pambıq yığılıb.
Şirvan-Salyan iqtisadi rayonunda 37 min 601,2 ton, Qarabağ iqtisadi rayonunda 41 min 621,5 ton, Mərkəzi Aran iqtisadi rayonunda 12 min 806,5 ton, Gəncə-Daşkəsən iqtisadi rayonunda isə 3 min 494,4 ton pambıq istehsal edilib.
Dağlıq Şirvan iqtisadi rayonunda cari ilin ilk 10 ayında pambıq istehsalı qeydə alınmayıb. Ötən ilin eyni dövründə bu iqtisadi rayonda 210 ton pambıq yığılmışdı.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top