Kadırovun 18 yaşlı oğlu atasının bu vəzifələrini icra etməyə başlayıb – Fotolar


Çeçenistan rəhbəri Ramzan Kadırovun 18 yaşlı oğlu Adam Kadırov atasının yerinə respublikadakı sənaye müəssisələrini yoxlamağa başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Verstka” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Adam Kadırov noyabr ayının əvvəlindən indiyədək sənaye müəssisələrinə azı beş səfər edib. Belə ki, noyabrın 9-da o, Texnopark tullantı emalı kompleksinin tikintisi ilə tanış olub. Yerli televiziya səfərin ətraf mühitin təhlükəsizliyi üzrə idarələrarası komissiyanın fəaliyyəti çərçivəsində həyata keçirildiyini bildirib. Adam Kadırov tədbirdə Çeçenistan Təhlükəsizlik Şurasının katibi kimi iştirak edib.

Noyabrın 19-da isə Ramzan Kadırovun oğlu iki müəssisəyə baş çəkib. Əvvəlcə Qroznı Xüsusi İqtisadi Zonasında yerləşən sənaye obyektlərinin fəaliyyəti ilə tanış olub, daha sonra qardaşı, respublikanın idman naziri Axmat Kadırovla birlikdə “İnzare” içki zavoduna gedib. Qeyd edək ki, sözügedən zavod Adam Kadırovun bacısı Ayşət Kadırovaya məxsus “Chechen Mineral Waters” şirkətinə daxildir.

“Verstka”nın araşdırmasına əsasən, noyabr ayına qədər Adam Kadırovun müstəqil yoxlama və işgüzar səfərləri olduqca nadir hallarda qeydə alınıb. Nəşr onun bu il martın 26-da Arqun şəhərində zədələnmiş körpüyə baxış keçirməsi ilə bağlı yalnız bir belə səfər müəyyən edib. Əvvəllər onun fəaliyyəti əsasən Təhlükəsizlik Şurasının və Daxili İşlər Nazirliyinin iclaslarında, eləcə də müxtəlif ictimai tədbirlərdə iştirakı ilə bağlı xəbərlərlə məhdudlaşırdı.
Diqqətçəkən məqam Ramzan Kadırovun özünün də son aylarda bu cür səfərləri kəskin şəkildə azaltmasıdır. Belə ki, Çeçenistan rəhbəri sentyabr ayında müxtəlif obyektlərin tikintisinə və müəssisələrin fəaliyyətinə dair ən azı 12 yoxlama və açılış tədbirində iştirak etdiyi halda, oktyabrda bu rəqəm 4-ə, noyabrda isə cəmi 1-ə düşüb.
Bundan başqa, Kadırov 2026-cı ildə ictimaiyyət qarşısına daha az çıxmağa və demək olar ki, respublikanı tərk etməməyə başlayıb. Daha əvvəl mənbələr “Novaya Gazeta Europe” nəşrinə onun mədəaltı vəzinin nekrozu xəstəliyindən əziyyət çəkdiyini bildirmişdilər. Məlumatda ötən ilin payızından etibarən onun səhhətinin nəzərəçarpacaq dərəcədə pisləşdiyi iddia olunurdu.
Xatırladaq ki, Adam Kadırov 2023-cü ilin sentyabrında geniş ictimaiyyətin diqqətini cəlb edib. O, Qroznıdakı istintaq təcridxanasında Quranı yandırmaqda ittiham edilərək saxlanılan Nikita Juraveli döyməsi ilə gündəmə gəlib.
Hadisədən sonra Adam Kadırov iki dəfə “Çeçenistan Qəhrəmanı” adına layiq görülüb və respublikada bir sıra yüksək vəzifələrə təyin edilib. O, Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər Nazirliyinin fəaliyyətinə nəzarət edən şəxs və atasının təhlükəsizlik xidmətinin rəhbəri vəzifələrini tutub.
2024-cü ilin oktyabrında isə onun adı 16 yaşında regional rəhbərin təhlükəsizlik xidmətinə rəhbərlik edən ən gənc şəxs kimi Rusiya Rekordlar Kitabına daxil edilib.

DİGƏR XƏBƏRLƏR

Top