
Bu ilin ikinci rübünə olan göstəricilərə əsasən, Yunanıstan və İtaliya Avropanın ən borclu ölkələri hesab olunurlar.
Yeniavaz.com xəbər verir ki, Avropa Statistika İdarəsinin (Avrostat), Böyük Britaniyanın Milli Statistika İdarəsinin və İsveçrə Federal Maliyyə Administrasiyasının məlumatları əsasında hazırlanan reytinqdə 30 Avropa ölkəsi yer alıb.
Məlumata görə, 27 üzvlü Avropa İttifaqında dövlət borcunun ÜDM-ə nisbəti 2026-cı ilin ikinci rübündə 82,9 faizə yüksəlib. Bir il əvvəl bu göstərici 81,4 faiz təşkil edib.
Reytinqə Yunanıstan başçılıq edir. Bu ölkədə dövlət borcu ÜDM-in 140,8 faizinə bərabərdir. İtaliya 139,9 faizlə ikinci, Fransa isə 119,1 faizlə üçüncü yerdə qərarlaşıb.
Belçikada dövlət borcunun ÜDM-ə nisbəti 110,2 faiz, Birləşmiş Krallıqda 102,6 faiz, İspaniyada isə 101,4 faiz təşkil edib. Beləliklə, bu ölkələrdə dövlət borcu iqtisadiyyatın illik ümumi məhsulunun həcmini ötüb.
Avropada dövlət borcunun ən aşağı olduğu ölkə isə İsveçrədir. Burada göstərici cəmi 23,4 faiz təşkil edib. İsveçrədən sonra Lüksemburq (28,2 faiz), Bolqarıstan (28,7 faiz), Danimarka (27,1 faiz) və Estoniya (26,1 faiz) aşağı borc göstəriciləri ilə seçilir.
Qeyd edək ki, Yunanıstan borc səviyyəsinə görə ilk sırada olsa da, son bir ildə dövlət borcunun ÜDM-ə nisbətini 11,2 faiz bəndi azaldıb. Bu, Avropa ölkələri arasında ən böyük azalma hesab olunur. Ölkədə büdcə profisiti, iqtisadi artım və borcların ödənilməsi üçün maliyyə ehtiyatlarından istifadə bu prosesə müsbət təsir göstərib.
Fransada isə vəziyyət fərqlidir. Davamlı büdcə kəsiri, zəif iqtisadi artım və artan faiz ödənişləri ölkənin dövlət borcunu daha da artırır. Proqnozlara əsasən, dəyişməz iqtisadi siyasət davam edərsə, Fransanın dövlət borcunun ÜDM-ə nisbəti 2028-ci ilədək 123 faizi keçə bilər.
2026-cı ilin ikinci rübündə Avropa ölkələrinin dövlət borcunun ÜDM-ə nisbəti aşağıdakı kimi olub:
Yunanıstan – 140,8%
İtaliya – 139,9%
Fransa – 119,1%
Belçika – 110,2%
Birləşmiş Krallıq – 102,6%
İspaniya – 101,4%
Portuqaliya – 92,5%
Finlandiya – 90,2%
Avstriya – 83,6%
Macarıstan – 75,6%
Sloveniya – 64,7%
Polşa – 64,5%
Almaniya – 63,4%
Norveç – 60,8%
Slovakiya – 60,6%
Rumıniya – 59,4%
Xorvatiya – 56,2%
Kipr – 48,5%
Latviya – 48,1%
Malta – 47%
Çexiya – 43,8%
Litva – 43,8%
Niderland – 43,7%
İrlandiya – 35,3%
İsveç – 35,3%
Bolqarıstan – 28,7%
Lüksemburq – 28,2%
Danimarka – 27,1%
Estoniya – 26,1%
İsveçrə – 23,4%
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz