
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü “diplomatiya tarixində səhifə” adlandırıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, o bu barədə Çində keçirilən mətbuat konfransında qeyd edib.
Rusiya prezidenti bildirib ki, üçtərəfli görüş üç dövlətin liderlərinin bir-birini daha yaxşı başa düşməsinə kömək edib və gələcək razılaşmalar üçün şərait yaradıb.
“Bundan əvvəl belə görüşlər olmayıb, budur, bu, baş tutdu”, - Rusiya lideri qeyd edib.
Putin bu cür üçtərəfli görüşlərin davam edəcəyinə ümid etdiyini bildirib.
O qeyd edib ki, sammitdə təhlükəsizlik məsələləri geniş mənada müzakirə olunub. Tərəflər bir sıra əsas sahələrdə qarşılıqlı anlaşmaya nail ola bilsələr də, bütün məsələlər üzrə konkret razılaşmalar əldə edilməyib.
Rusiya Prezidenti həmçinin Rusiya-Çin-ABŞ üçtərəfli formatını uğurlu adlandırıb. Bununla belə, o, gələcəkdə fərdi qərarların digər formatlarda da qəbul edilə biləcəyini istisna etməyib.
Qeyd edək ki, bu gün Şençjendə keçirilən APEC sammiti çərçivəsində Rusiya, ABŞ və Çin liderlərinin ilk görüşü baş tutub. Görüşdən sonra Putin, Tramp və Si Cinpin bəyannamə qəbul ediblər. Bəyannamədə onlar BMT-də islahatlara sadiq olduqlarını ifadə ediblər, bütün ölkələrin xeyrinə emal olunmuş neft məhsullarının istehsalını və tədarükünü artırmaq planlarını açıqlayıblar, Beynəlxalq Cinayət Məhkəməsini və digər oxşar qurumları səlahiyyətlərindən sui-istifadə etməməyə çağırıblar və nüvə risklərinin azaldılması və nüvə silahlarının yayılmasının qarşısının alınması ilə bağlı dialoqa başlamaq barədə razılığa gəliblər.
Tətbiqimizi yükləyə bilərsiniz