Bakıda ilk dəfə avtobuslar üçün işıqfor quraşdırılacaq


Bakıda ilk dəfə avtobuslar üçün ayrıca işıqforun quraşdırılması nəzərdə tutulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib.
O qeyd edib ki, ilkin mərhələdə işıqforun paytaxtın Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində mövcud olan “L” tipli dirəkdə yerləşdirilməsi planlaşdırılır. Layihəyə əsasən, həmin dirəkdə “T” formalı, ağ-sarımtıl rəngli dörd dairəvi siqnalı olan xüsusi işıqofor quraşdırılacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təklifi əsasında həyata keçiriləcək layihənin əsas məqsədi avtobusların onlar üçün ayrılmış xüsusi hərəkət zolağı ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.
Ömər Xıdırov onu da qeyd edib ki, layihənin ilkin tətbiqinin nəticələri qiymətləndirildikdən sonra bu növ işıqforların paytaxtın digər ərazilərində də quraşdırılması imkanlarına baxılacaq.
Digər tərəfdən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, Bakının Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində ilk dəfə olaraq quraşdırılmasına başlanılan işıqforlar 30-dan çox avtobusa şamil ediləcək. Belə ki, bu kəsişmədən hər saat ərzində 4 marşrut (20, 72, 125 və E1 nömrəli) üzrə 30-dan çox avtobus keçir.
“Hazırda sola dönmək üçün avtobuslar iki hərəkət zolağını kəsərək ümumi nəqliyyat axınına qoşulmaq məcburiyyətində qalır. Bu isə minik avtomobillərinin hərəkətinə maneə yaradır, kəsişmənin buraxıcılıq qabiliyyətini azaldır, həm avtomobil sürücülərinin, həm də ictimai nəqliyyat sərnişinlərinin əlavə vaxt itirməsinə səbəb olur.
Yeni işıqforlar avtobusların ümumi nəqliyyat axınına mane olmadan birbaşa xüsusi hərəkət zolağından sola dönməsinə imkan verəcək. Avtobusların hərəkəti üçün mövcud işıqfor fazalarının müddətinə 10 saniyə əlavə olunacaq. Bu, bütün hərəkət iştirakçıları üçün nizamlı, təhlükəsiz və rahat hərəkəti təmin edəcək”, - AYNA-dan bildirilib.
Məlumatda qeyd edilib ki, bu cür həllər beynəlxalq təcrübədə uğurla tətbiq olunur və gələcəkdə paytaxtın digər kəsişmələrində də istifadəsi nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top