Simonyan Bayramovun açıqlaması ilə bağlı suala əsəbiləşdi: “Sualınıza məntiq qatın”


Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan TRIPP layihəsinin Azərbaycanla əlaqələndirilməsinin zəruriliyindən danışıb.
Yeniavaz.com
xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan noyabrın 19-da jurnalistlərlə söhbətində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun TRIPP layihəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Qeyd edək ki, Ceyhun Bayramov dünən verdiyi açıqlamada TRIPP layihəsi ilə bağlı texniki məsələlərin Azərbaycan tərəfi ilə müzakirə edilməli olduğunu bildirib. Nazir bunu layihənin giriş və çıxış nöqtələrinin Azərbaycanda yerləşməsi ilə əsaslandırıb.
Simonyan isə Azərbaycanın mövqeyinə münasibət bildirərkən layihənin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq, onun hara gedəcəyinin və hansı kommunikasiya xətləri ilə birləşəcəyinin də nəzərə alınmalı olduğunu deyib.
“Bəs TRIPP hara aparır, nə ilə birləşir? Yoxsa Ermənistandakı bu TRIPP havaya qalxacaq?” – deyə Simonyan bildirib.
O, layihənin Azərbaycan ərazisindən keçərək Qazaxıstan və Çinlə birləşməsinin vacibliyini vurğulayıb:
“Bu, hələ də bizim ərazimizdədir, amma hara gedəcək? Tutaq ki, dağa qədər gəlib çatdı və orada dayandı, Azərbaycandan keçərək daha irəli gedə bilmədi, Qazaxıstan və Çinlə birləşə bilmədi. Məgər biz yolun necə çəkiləcəyini, texniki məsələləri kiminlə müzakirə edəcəyimizi və onun haradan keçəcəyini soruşmamalıyıq? Marsdan keçəcək?
Yəni siz bura gəlmisiniz, məndən müsahibə alırsınız. Məgər bu müsahibəni mənimlə müzakirə etməmisiniz? Bu o deməkdir ki, siz məndən asılısınız, mən isə sizə sərəncam verirəm, sizə sahiblik edir və sizi idarə edirəm? Məgər TRIPP Azərbaycana doğru getməməlidir?”
“Siz daim hər şeydə pis nəsə axtarmaq istəyirsiniz. Heç olmasa, suallarınıza bir qədər məntiq də qatın”, – deyə Alen Simonyan vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top