
Oktyabr ayında Bundesverin aktiv heyətinin sayı 4 mindən çox artaraq, 190 mini keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə dpa agentliyi məlumat yayıb.
Məlumata görə, Almaniya Müdafiə Nazirliyi ölkənin hərbi xidmətə qəbul planını keçdiyini bildirib.
Nazirlik bu tendensiyanın davam edəcəyi təqdirdə həqiqi hərbi xidmətə çağırışa ehtiyac qalmayacağını qeyd edib.
Nazirliyin məlumatına görə, 31 oktyabr tarixi üçün Almaniya silahlı qüvvələrində 190 min 600 aktiv hərbçi olub. Sentyabr ayı üçün isə bu rəqəm 186 min 200 hərbçj təşkil edib.
Ötən ilin oktyabr ayı ilə müqayisədə Bundesverin sayı təxminən 6400 hərbçi artıb.
Almaniya Silahlı Qüvvələri Qanununa əsasən, Bundesverin hədəfi 2035-ci ilə qədər 255 min –270 min şəxsi heyətə çatmaq və NATO-nun şəxsi heyəti tələblərinə cavab vermək məqsədi daşıyır.
Qeyd edək ki, yanvar ayından bəri, yeni könüllü hərbi xidmət sisteminin bir hissəsi olaraq, 18 yaş və yuxarı gənc kişilərə orduda xidmət etməyə hazırlıqları barədə sorğu anketləri göndərilib. Oktyabr ayının sonuna qədər hakimiyyət orqanları təxminən 558 min 500 belə anket göndərib. Kişilərin təxminən 97%-i anketə cavab verib. Onların təxminən beşdə biri hərbi xidmətə maraq göstərib.
Xatırladaq ki, Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, hazırda Bundesverdə yenilənmiş model çərçivəsində təxminən 14 min 200 könüllü və müddətli hərbi qulluqçu xidmət edir.
Tətbiqimizi yükləyə bilərsiniz