“The Economist” 2027-ci ildə dünyanı nələrin gözlədiyini açıqladı – Müharibə, maliyyə böhranı, rekord istilər...


Dünyanın nüfuzlu nəşrlərindən biri olan “The Economist” jurnalı 2027-ci ildə dünyada baş verə biləcək əsas siyasi, iqtisadi, texnoloji və ekoloji dəyişikliklərlə bağlı proqnozlarını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, jurnalın ənənəvi illik xüsusi buraxılışı olan “The World Ahead 2027”də gələn il üçün 10 əsas qlobal tendensiya ön plana çıxarılıb.
Nəşrin redaktor müavini Tom Standage tərəfindən hazırlanan proqnozlarda ABŞ Prezidenti Donald Trampın siyasi gələcəyindən tutmuş İran müharibəsinin nəticələrinə, süni intellektin yaratdığı təhlükələrdən Tayvan ətrafında mümkün hərbi qarşıdurmaya qədər bir sıra məsələlərə diqqət yetirilib.

Trampın siyasi hakimiyyətinin son mərhələsi daha təhlükəli ola bilər
“The Economist”in diqqət çəkdiyi ilk məsələlərdən biri ABŞ Prezidenti Donald Trampın siyasi gələcəyi ilə bağlıdır.
Jurnalın fikrincə, ABŞ-də aralıq seçkilərdən sonra demokratların Konqresin hər iki palatasında nəzarəti ələ alması Tramp administrasiyasının imkanlarını məhdudlaşdıracaq. Bununla belə, prezidentin siyasi təsirini itirməklə barışacağı gözlənilmir.
Nəşrin redaktoru Trampın bu mərhələdə sakitləşmək əvəzinə daha aqressiv və gözlənilməz siyasət yürüdə biləcəyini düşünür. Onun sözlərinə görə, Tramp icra sərəncamlarından, məhkəmə çəkişmələrindən, böyük layihələrdən və hətta hərbi müdaxilələrdən istifadə etməklə öz siyasi irsini qorumağa çalışa bilər.

İran müharibəsinin nəticələri bütün dünyaya təsir edəcək
Jurnalın proqnozlarında İranla müharibənin nəticələri də xüsusi yer tutur. “The Economist” hesab edir ki, münaqişənin təsirləri 2027-ci ildə də davam edəcək. Müharibə Yaxın Şərqdə siyasi münasibətləri dəyişdirə, enerji marşrutlarını yenidən formalaşdıra və qlobal ərzaq təhlükəsizliyini təhdid edə bilər.
Xüsusilə gübrə çatışmazlığı kənd təsərrüfatı istehsalına və ərzaq təminatına ciddi təsir göstərə biləcək amillərdən biri kimi göstərilir.
Nəşr ABŞ-nin müharibədən sonra beynəlxalq müttəfiqləri arasında etimad itirə, rəqibləri qarşısında isə əvvəlki çəkindirici gücünü zəiflədə biləcəyinə də diqqət çəkir.

2027-ci il tarixdə ən isti il ola bilər
“The Economist”in diqqət çəkdiyi digər təhlükə iqlim dəyişiklikləri ilə bağlıdır. Jurnal 2027-ci ildə güclü “El Nino” hadisəsinin baş verməsi ehtimalına diqqət çəkir. Bu iqlim hadisəsinin qlobal temperaturun daha da yüksəlməsinə səbəb ola biləcəyi bildirilir.
Proqnoza görə, gələn il rekord istilər, quraqlıqlar, meşə yanğınları və güclü istilik dalğaları ilə yadda qala bilər.
Maraqlı məqamlardan biri isə Donald Trampın enerji siyasətinin gözlənilməz nəticəsi ilə bağlıdır. Jurnal hesab edir ki, ənənəvi enerji bazarlarındakı qeyri-sabitlik ölkələri günəş və külək enerjisinə daha çox yönəldə bilər.

Süni intellekt şirkətləri maliyyə böhranına səbəb ola bilər
Nəşrin proqnozlarında süni intellektlə bağlı təhlükələr də geniş yer alıb. “The Economist” hesab edir ki, süni intellekt şirkətlərinin sürətlə böyüməsi və bu sahəyə yatırılan böyük vəsaitlər yeni maliyyə riskləri yaradır.
Xüsusilə məlumat mərkəzlərinin tikintisi və hesablama güclərinin artırılması üçün şirkətlərin getdikcə daha çox borclanması narahatlıq doğurur. Mürəkkəb və şəffaf olmayan maliyyələşmə mexanizmləri süni intellekt sektorunda mümkün maliyyə çöküşünün miqyasını böyüdə bilər.
Bununla yanaşı, süni intellektin daha da inkişaf etməsi kibertəhlükəsizlik risklərini artıracaq, texnologiya şirkətlərinə qarşı ictimai narazılıq güclənəcək.

Avropada siyasi zəlzələ baş verə bilər
Jurnal 2027-ci ildə Avropanın siyasi mənzərəsində də ciddi dəyişikliklər gözləyir. Xüsusilə Fransada keçiriləcək prezident seçkiləri diqqət mərkəzində olacaq. “The Economist” sağçı Milli Birlik Partiyasının lideri Marin Le Penin prezident seçkilərində qalib gəlmək şansının yüksək olduğunu qeyd edir.
Belə bir nəticənin Fransa ilə Almaniya arasında Avropa İttifaqının əsasını təşkil edən siyasi əməkdaşlığa ciddi zərbə vura biləcəyi bildirilir.
Eyni zamanda, Fransanın yüksək dövlət borcu və maliyyə vəziyyəti ilə bağlı narahatlıqların artacağı proqnozlaşdırılır.

Dünya maliyyə bazarlarında böhran təhlükəsi artır
“The Economist”in növbəti proqnozu qlobal maliyyə sisteminin vəziyyəti ilə bağlıdır.
Jurnal hesab edir ki, inkişaf etmiş ölkələrin artan dövlət borcları və yüksək faiz dərəcələri dövlət istiqrazları bazarında ciddi problemlərə səbəb ola bilər.
Bir çox zəngin ölkənin gəlirlərindən daha çox xərcləməsi və borclanmanın bahalaşması maliyyə sistemində dayanıqlılıqla bağlı suallar yaradır.
Nəşrin qənaətinə görə, mövcud vəziyyət uzun müddət davam edə bilməz və müəyyən mərhələdə maliyyə bazarlarında ciddi sarsıntı baş verə bilər.

Çin Tayvanı ələ keçirmək üçün hərəkətə keçəcəkmi?
2027-ci ildə diqqət mərkəzində olacaq digər məsələlərdən biri Çin və Tayvan arasındakı münasibətlərdir.
“The Economist” Çin lideri Si Cinpinin ölkəsinin silahlı qüvvələrinə 2027-ci ilədək Tayvanı ələ keçirmək üçün hərbi əməliyyata hazır olmaq barədə tapşırıq verdiyinə dair məlumatları xatırladır.
Bununla belə, jurnal hesab edir ki, müasir müharibələrin xarakteri dəyişib. Ukrayna və İran nümunələri göstərir ki, dronlar və nisbətən ucuz hərbi texnologiyalar daha kiçik qüvvələrə özündən qat-qat güclü rəqiblərə müqavimət göstərmək imkanı verir.
Bu amilin Çinin Tayvanla bağlı planlarına necə təsir edəcəyi isə 2027-ci ilin əsas suallarından biri olacaq.

Arıqlama dərmanları dünya iqtisadiyyatına təsir edəcək
Jurnalın proqnozları arasında ilk baxışdan siyasi və hərbi məsələlərlə əlaqəsi olmayan, lakin iqtisadi baxımdan maraqlı bir tendensiya da var.
Söhbət “Ozempic” kimi arıqlama dərmanlarının geniş yayılmasından gedir.
“The Economist” hesab edir ki, bu preparatların populyarlığı insanların istehlak vərdişlərini dəyişdirəcək. Arıqlayan insanların geyim, kosmetika və idman xidmətlərinə daha çox pul xərcləməsi gözlənilir.
Bundan başqa, bu dərmanların uğuru əczaçılıq şirkətlərinin sağlam qocalma və ömrün uzadılması istiqamətində araşdırmalara marağını artıracaq.

Kosmosa uçuşlar ucuzlaşacaq, orbitdə məlumat mərkəzləri yaradıla bilər
2027-ci ildə kosmik sənayedə də mühüm yeniliklər gözlənilir. Jurnal “SpaceX” şirkətinin “Starship” raketinin müntəzəm peyk buraxılışlarına başlamasını və təkrar istifadə edilə bilən raket texnologiyalarının inkişafını diqqətə çatdırır.
Kosmosa uçuşların ucuzlaşması özəl kosmik stansiyaların yaradılmasına şərait yarada bilər. Hətta gələcəkdə məlumat mərkəzlərinin Yer orbitində yerləşdirilməsi ideyası da reallığa daha yaxın görünə bilər.

Hollivud yenidən köhnə filmlərə qayıdacaq
“The Economist”in 2027-ci il üçün sonuncu proqnozu kino sənayesi ilə bağlıdır.
Jurnal hesab edir ki, Hollivud gələn il tamaşaçıları cəlb etmək üçün tanınmış film franşizalarına və nostaljiyə daha çox üstünlük verəcək.
2027-ci ildə “Ulduz müharibələri” (“Star Wars”) filminin 50 illiyi qeyd olunacaq. Eyni zamanda, “Avengers” və Ceyms Bond franşizalarının yeni ekran işləri də diqqət mərkəzində olacaq.
Bununla belə, “YouTube” müəlliflərinin daha kiçik büdcələrlə hazırladıqları filmlərin uğuru Hollivud üçün yeni rəqabət mühiti yaradır. Jurnal tamaşaçıların artıq ənənəvi böyük studiya istehsallarından fərqli məzmunlara da maraq göstərdiyini vurğulayır.

DİGƏR XƏBƏRLƏR

Top