Taksi sürücülərinin vergi ödəmə qaydası dəyişdirilir – Artacaq, yoxsa azalacaq?


Azərbaycanda taksi sürücülərinin vergi ödəmə qaydasının dəyişdirilməsi təklif olunur.
Yeniavaz.com
xəbər verir ki, bu məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsində əksini tapıb.
Yeni dəyişiklik qəbul edilərsə, sürücülər indiki kimi avtomobilə görə sabit məbləğdə deyil, əldə etdikləri gəlirə uyğun vergi ödəyəcəklər.
Təklifə əsasən, taksi sürücülərinin gəlirlərindən sifariş operatorları (taksi platformaları) vasitəsilə ödəniş mənbəyində 1 faiz sadələşdirilmiş vergi tutulacaq.
Hazırda isə taksi sürücüləri əldə etdikləri gəlirin həcmindən asılı olmayaraq, fəaliyyət göstərdikləri əraziyə uyğun sabit vergi ödəyirlər. Belə ki, Vergi Məcəlləsinin mövcud tələblərinə əsasən, taksi fəaliyyəti üçün aylıq vergi məbləği 9 manat baza məbləği və müvafiq əmsallar əsasında hesablanır.
Bakı şəhərində 2 əmsal tətbiq olunduğundan sürücülər aylıq 18 manat, Abşeron, Sumqayıt və Gəncədə 13,5 manat, digər şəhər və rayonlarda isə 9 manat vergi ödəyirlər.

Bəs yeni qayda qəbul edilərsə, taksi sürücüləri nə qədər vergi ödəyəcəklər?
Təklif olunan 1 faizlik vergi mexanizminə əsasən, sürücünün aylıq vergi ödənişi onun taksi fəaliyyətindən əldə etdiyi gəlirdən asılı olacaq.
Məsələn, Bakı şəhərində fəaliyyət göstərən sürücünün hazırda aylıq sadələşdirilmiş vergi ödənişi 18 manatdır. Yeni qayda ilə də eyni məbləğdə vergi ödəməsi üçün onun aylıq dövriyyəsi 1 800 manat olmalıdır.
Başqa sözlə, aylıq dövriyyəsi 1 800 manatdan az olan sürücünün vergi ödənişi indiki 18 manatdan aşağı, çox olan sürücünün vergi ödənişi isə yuxarı olacaq.
Bakı şəhərində fəaliyyət göstərən taksi sürücüləri üçün:

Beləliklə, aylıq dövriyyəsi 1 800 manatdan aşağı olan Bakı taksi sürücüləri daha az, bu məbləğdən yuxarı olanlar isə daha çox vergi ödəyəcəklər.
Digər şəhər və rayonlarda vəziyyət bir qədər fərqli olacaq. Çünki hazırda həmin ərazilərdə sabit vergi məbləği daha aşağıdır.
Yeni və hazırkı qaydanın müqayisəsi:

Məsələn, Sumqayıtda aylıq dövriyyəsi 2 000 manat olan taksi sürücüsü hazırda 13,5 manat vergi ödədiyi halda, yeni qayda ilə 20 manat ödəməli olacaq. Digər şəhər və rayonlarda isə eyni dövriyyəyə malik sürücünün vergi ödənişi 9 manatdan 20 manata yüksələcək.
Qeyd edək ki, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta ödənişlərinin əvvəlki qaydada ödənilməsi nəzərdə tutulur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top