
ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) “Voyager 1” kosmik aparatı bu gün – noyabrın 18-də Yerdən bir işıq günü məsafəsinə çatacaq.
Yeniavaz.com xəbər verir ki, bu, insan tərəfindən yaradılmış hər hansı bir kosmik aparatın Yer kürəsindən indiyədək uzaqlaşdığı ən böyük məsafə olacaq.
NASA-nın məlumatına görə, “Voyager 1” Bakı vaxtı ilə saat 14:16-da Yerdən təxminən 25,9 milyard kilometr (16,09 milyard mil) məsafədə olacaq. Bu məsafə işığın 24 saat ərzində qət etdiyi yola bərabərdir. Həmin anda Yer kürəsindən göndərilən radio siqnalının kosmik aparata çatması təxminən 24 saat, aparatın cavabının Yerə qayıtması isə daha 24 saat çəkəcək. Beləliklə, “Voyager 1” ilə göndərilən bir mesajın cavabını almaq üçün təxminən iki gün gözləmək lazım gələcək.
Kosmik aparat hazırda saatda təxminən 61 min kilometr sürətlə hərəkət edir. Bu sürətə əsasən, onun bir işıq günü məsafəsinə çatması üçün 1977-ci ildən bəri təxminən 49 il vaxt lazım olub.
NASA bu tarixi hadisəni qeyd etmək məqsədilə noyabrın 17-də “Shine Bright for Voyager’s Light-Day” adlı qlobal təşəbbüs də həyata keçirib. Təşəbbüs çərçivəsində dünyanın müxtəlif yerlərində insanlar fənərlər, mobil telefonlar və digər işıq mənbələri vasitəsilə Morze əlifbasında “VGR” hərflərini işıqlandırmağa dəvət olunublar. “VGR” “Voyager” missiyasının çağırış işarəsidir.
NASA noyabrın 19-da isə Kaliforniyadakı Reaktiv Hərəkət Laboratoriyasında (JPL) “Voyager 1” və “Voyager 2” missiyalarının vəziyyəti, əldə olunan elmi nəticələr və aparatların fəaliyyətini davam etdirməsi ilə bağlı çətinliklər barədə müzakirə keçirəcək.
Tədbirdə missiyanın rəhbərləri və NASA rəsmiləri iştirak edəcək. Həmçinin 2027-ci ildə, missiyanın 50 illiyi münasibətilə təqdim edilməsi planlaşdırılan “Voyager” sənədli filminin ilkin görüntüləri nümayiş etdiriləcək.
Qeyd edək ki, “Voyager 1” NASA tərəfindən 1977-ci il sentyabrın 5-də ABŞ-nin Florida ştatındakı Kanaveral burnundan kosmosa buraxılıb. Onun əsas məqsədi Günəş sisteminin nəhəng planetlərini, xüsusilə Yupiter və Saturnu araşdırmaq olub.
Kosmik aparat 1979-cu ildə Yupiterin, 1980-ci ildə isə Saturnun yaxınlığından keçərək bu planetlər və onların peykləri haqqında mühüm məlumatlar toplayıb. Aparatın əldə etdiyi görüntülər və elmi məlumatlar astronomiyanın inkişafında mühüm rol oynayıb.
“Voyager 1” 2012-ci ilin avqustunda heliosferin sərhədini keçərək ulduzlararası fəzaya daxil olub. Bununla da Günəşin yaratdığı qoruyucu maqnit və hissəciklər mühitindən kənara çıxan ilk insan istehsalı obyektə çevrilib.
Aparatın ən maraqlı xüsusiyyətlərindən biri də onun üzərində qızıl valın (“Golden Record”) yerləşdirilməsidir. Bu valda Yer kürəsindəki həyatın və insan sivilizasiyasının müxtəlif xüsusiyyətlərini əks etdirən səslər, musiqilər, şəkillər və məlumatlar qeydə alınıb. Onun hazırlanmasında əsas məqsəd mümkün yerüstü sivilizasiyalara bəşəriyyət haqqında məlumat çatdırmaqdır.
“Voyager 1” radioizotop termoelektrik generatorları vasitəsilə enerji əldə edir. Lakin illər keçdikcə generatorların istehsal etdiyi elektrik enerjisinin miqdarı azalır. Buna görə də NASA aparatın fəaliyyətini mümkün qədər uzun müddət davam etdirmək üçün bəzi elmi cihazları mərhələli şəkildə söndürüb.
Hazırda onun elmi cihazlarından yalnız ikisi fəaliyyətini davam etdirir. NASA-nın proqnozlarına görə, enerji ehtiyatlarının azalması səbəbindən aparatla əlaqə 2030-cu illərin ortalarında tamamilə kəsilə bilər.
Qeyd edək ki, “Voyager 1”in əkiz aparatı olan “Voyager 2” də 1977-ci ildə kosmosa göndərilib. O, 1977-ci il avqustun 20-də buraxılıb və Yupiter, Saturn, Uran və Neptun planetlərini araşdırıb. “Voyager 2” 2018-ci ildə ulduzlararası fəzaya daxil olub. NASA-nın hesablamalarına görə, bu aparat Yerdən bir işıq günü məsafəsinə yalnız 2035-ci ilin noyabrında çatacaq.
Tətbiqimizi yükləyə bilərsiniz