
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Almaniya xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Yeniavaz.com xəbər verir ki, qonaq, ilk növbədə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Almaniya Prezidentinə və Federal Kanslerinə çatdırmağı xahiş edib.
Söhbət zamanı bu ilin iyulunda dövlət başçısının Almaniyaya rəsmi səfəri, səfər çərçivəsində keçirilən görüşlər və aparılan səmərəli müzakirələr məmnunluqla xatırlanıb. Həmin səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamənin ikitərəfli əməkdaşlığın möhkəmlənməsində roluna toxunulub.
Görüşdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, sərmayələr, biznes, ənənəvi və alternativ enerji, bağlantılar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulanıb, bu ildən başlayaraq Azərbaycan qazının Almaniyaya ixracı qeyd olunub.
Söhbət zamanı ölkəmizin Orta Dəhlizdə önəmli roluna toxunulub, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib




Tətbiqimizi yükləyə bilərsiniz