KFC-nin Bakıdakı restoranları qadın və kişi tualetlərini birləşdirdi – Video


Məşhur fastfud restoranlar şəbəkəsi KFC-nin Azərbaycandakı bəzi restoranlarında qadın və kişilər üçün nəzərdə tutulan tualetlər birləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videolar paylaşılıb.
Görüntülərdən aydın olur ki, sözügedən restoranlarda qadın və kişilər üçün ayrıca sanitar qovşaqları əvəzinə, hər iki cinsin istifadəsi üçün nəzərdə tutulan ümumi tualet yaradılıb.
Bu yenilik ictimai müzakirələrə səbəb olub. Belə ki, ictimai iaşə obyektlərində qadın və kişilər üçün sanitar qovşaqlarının, bir qayda olaraq, ayrı təşkil edilməsi qəbul olunmuş təcrübədir. Bu baxımdan KFC-nin bəzi restoranlarında fərqli yanaşmanın tətbiqi müştərilər tərəfindən təəccüb və maraqla qarşılanıb.

Məsələ ilə bağlı Yeniavaz.com-un sorğusuna cavab olaraq KFC-dən bildirilib ki, tualetlərin birləşdirilməsi rəhbərliyin göstərişi əsasında həyata keçirilib. Bununla belə, qərarın hansı zərurətdən irəli gəldiyi və hansı əsaslarla qəbul edildiyi barədə ətraflı məlumat verilməyib.
Məlumat üçün bildirək ki, Azərbaycandakı KFC restoranlarının françayzinq hüququ GFC MMC-yə (VÖEN – 1701946331) məxsusdur. Nizamnamə kapitalı 10 000 manat olan GFC MMC 2016-cı ildə vergi qeydiyyatına alınıb. Hüquqi ünvanı “Nəsimi rayonu, Kövkəb Xanım Səfərəliyeva, ev 64”də yerləşən MMC-nin qanuni təmsilçisi Məmmədov Zaur Rüstəm oğludur.
Onu da qeyd edək ki, GFC MMC-nin qeydiyyatda olduğu ünvanda – “Nəsimi rayonu, Kövkəb Xanım Səfərəliyeva, ev 64”də “6-cı mərtəbə” müstəqil şirkəti də qeydiyyatdadır və bu şirkətin qanuni təmsilçisi isə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqaz Təhməzlinin qardaşı Atəş Təhməzovdur.
Xatırladaq ki, Bakıda fəaliyyət göstərən KFC restoranları vaxtilə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus ZQAN holdinqə bağlı olub. ZQAN holdinq 2013-cü ildə adını dəyişərək “Garant” holdinq olub. 2017-ci ildə Ziya Məmmədov nazir vəzifəsindən azad edildikdən sonra KFC restoranlarının françayzinq hüququ Anar Məmmədovdan geri alınıb.
Anar Məmmədov 23 iyul 2021-ci il tarixində Böyük Britaniyanın paytaxtı Londonda KFC françayzinqinə sahib olan “B.J.R. Foods Limited” şirkətinin 75%-lik payını satın alıb. Səhmlərinin 75%-i Anar Məmmədova məxsus olan bu şirkətə hazırda Böyük Britaniya vətəndaşları 1970-ci il təvəllüdlü Zafar Abbasi və 1967-ci il təvəllüdlü İqbal Suleman rəhbərlik edirlər. Bu şəxslər daha əvvəl – 2004-2010-cu illərdə Londonda fəaliyyət göstərən “Zqan UK Ltd” şirkətinə rəhbərlik ediblər.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top