Siyavuş Novruzova gələn gizli zənglər araşdırılır

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov son plenar iclasda çıxışı zamanı xaricdən mobil telefonuna gələn zənglərdən bəhs etmişdi.

Deputat qeyd etmişdi ki, mobil rabitə ilə bağlı çox ciddi problemlə üzləşib:

“Axşamlar xaricdən telefonlarımıza zənglər gəlir. İnformasiya təhlükəsizliyi məsələsinə görə, bunun araşdırılmasına ehtiyac var. “Ərəb baharı”nda da belə hallar baş verirdi. O zaman müxtəlif adamların telefonlarına zəng gəlirdi, sonra kəsilirdi. Bu, yoxlanışdır, bir imtahandır”.

Yeniavaz.com saytı Azvision.az-a istinadən xəbər verir ki, Siyavuş Novruzov açıqlamasında məsələyə yenidən aydınlıq gətirib. Bildirib ki, hazırda bu zənglər gəlməkdə davam edir:

“Biz mütəmadi olaraq dünyada baş verən prosesləri izləyirik. Bununla da ölkəyə ziyan gətirə biləcək proseslərin qarşısını alırıq. Müxtəlif ölkələrdə “Rəngli inqlablar”, “Ərəb Baharı” və.s hadisələr oldu. Bildiyiniz kimi bu “Ərəb Baharı” ərəblərin başına nə oyunlar gətirdi. Hazırda yüzillərlə qurulan dövlətlər darmadağın olub, əhalisi didərgin düşüb dənizlərdə batır, insan orqanı alverinin qurbanına çevrilib. Demokratiyadan dəm vuran, insan haqlarından danışan ayrı-ayrı Avropa ölkələridə konslager şəraitində yaşayırlar. Biz bunları görürük, lazımı addımları atırıq”.

S.Novruzov deyib ki, belə zənglər təkcə ona yox, başqa şəxslərə də edilir: “Mənim Milli Məclisdəki çıxışımdan sonra bir çox şəxs bununla bağlı mənə müraciət etdi. Yəni, çıxışımdan sonra daha çox müraciətlər oldu. Artıq aidiyyatı orqanlar bununla məşğuldur”.

DİGƏR XƏBƏRLƏR

Top