
Dünyada süni intellekt (AI) mütəxəssisləri uğrunda rəqabət güclənir.
Yeniavaz.com xəbər verir ki, ABŞ bu sahədə aparıcı texnologiya mərkəzi olaraq qalsa da, Avropanın kiçik iqtisadiyyatları və Körfəz ölkələri ixtisaslı kadrların cəlb edilməsində daha yüksək nəticələr göstərir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “LinkedIn” məlumatları əsasında hazırladığı 2025-ci il reytinqində süni intellekt sahəsində çalışan mütəxəssislərin xalis miqrasiya göstəriciləri açıqlanıb.
Məlumatlar hər 10 min “LinkedIn” istifadəçisinə düşən xalis süni intellekt mütəxəssisi artımını və ya azalmasını əks etdirir. Bu göstərici ölkələrə gələn və ölkələrdən gedən mütəxəssislərin fərqini ölçür.
Reytinqə Lüksemburq başçılıq edir. Belə ki, 2025-ci ildə hər 10 min “LinkedIn” istifadəçisinə görə ölkədə süni intellekt mütəxəssislərinin xalis artımı 7,76 təşkil edib. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 6,52 göstərici ilə ikinci, Kipr isə 2,93 göstərici ilə üçüncü yerdə qərarlaşıb.
İlk beşlikdə İrlandiya (2,48) və İsveçrə (2,45) də yer alıb. Səudiyyə Ərəbistanı 2,02 göstərici ilə altıncı, Avstraliya isə 1,77 göstərici ilə yeddinci olub.
ABŞ isə 0,92 göstərici ilə 11-ci yerdə qərarlaşıb. Bu, süni intellekt sahəsinə investisiyalar və texnoloji rəqabət baxımından dünyanın aparıcı ölkələrindən biri olan ABŞ-nin mütəxəssis cəlb etmək göstəricisində daha kiçik iqtisadiyyatlardan geri qaldığını göstərir.
Lüksemburqun ilk sırada qərarlaşması ölkənin texnologiya sektorunda ixtisaslaşmış işçi qüvvəsi ilə əlaqələndirilir. Belə ki, İKT mütəxəssisləri ölkədə ümumi məşğulluğun 8,7 faizini təşkil edir. Bu, Avropa İttifaqında ikinci ən yüksək göstəricidir. “Amazon” şirkətinin Avropa üzrə qərargahının da Lüksemburqda yerləşməsi ölkənin texnologiya sahəsində mövqeyini gücləndirən amillərdəndir.
Körfəz ölkələri də süni intellekt mütəxəssisləri üçün cəlbedici istiqamətlərə çevrilib. 2019-2025-ci illər ərzində süni intellekt sahəsində çalışan mütəxəssislərin ümumi işçi qüvvəsindəki payı BƏƏ-də 121 faiz, Səudiyyə Ərəbistanında isə 113 faiz artıb. Bu göstəricilər hər iki ölkənin qlobal miqyasda ən sürətli inkişaf edən bazarlar arasında olduğunu göstərir.
Süni intellekt mütəxəssislərini itirən ölkələr
Reytinqin digər tərəfində isə mütəxəssis axını ilə üzləşən ölkələr yer alıb. 2025-ci ildə süni intellekt sahəsində ən yüksək xalis kadr itkisi Macarıstanda qeydə alınıb. Ölkə üzrə göstərici hər 10 min “LinkedIn” istifadəçisinə görə mənfi 2,74 təşkil edib.
Slovakiya mənfi 1,78 göstərici ilə ikinci, Hindistan mənfi 1,28 göstərici ilə üçüncü olub. Bolqarıstan (−1,04) və İsrail (−1,01) isə ilk beşlikdə qərarlaşıb.
Mütəxəssis itkisi qeydə alınan digər ölkələr arasında Estoniya, Yunanıstan, Cənubi Koreya, Türkiyə və İtaliya da var.
Maraqlıdır ki, Hindistan bu baxımdan ziddiyyətli mənzərə ortaya qoyur. Belə ki, 2019-2025-ci illərdə ölkədə süni intellekt mütəxəssislərinin konsentrasiyası 120 faiz artıb. Bu, dünyada ikinci ən yüksək artım göstəricisidir. Bununla belə, Hindistan 2025-ci ildə xalis mütəxəssis itkisinə görə üçüncü yerdə qərarlaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz