
İran rəsmiləri və dövlət mediası Tramp Marşrutu Təşəbbüsünün (TRIPP) reallaşmasının Tehranın milli təhlükəsizlik maraqlarına zidd olduğunu bildirirlər.
Yeniavaz.com xəbər verir ki, “İran International”ın məlumatına görə, Ermənistan parlamentinin oktyabrın 28-də layihə ilə bağlı razılaşmanı təsdiqləməsindən sonra Tehranın etirazları daha da sərtləşib.
İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti İrəvana xəbərdarlıq edib.
TRIPP layihəsi Azərbaycanı Ermənistanın Sünik vilayəti vasitəsilə Naxçıvanla birləşdirməyi nəzərdə tutur. İranla həmsərhəd olan Sünik Tehranın Ermənistanla və Cənubi Qafqazın digər əraziləri ilə birbaşa quru əlaqəsi baxımından strateji əhəmiyyət daşıyır.
Layihə 2025-ci ilin avqustunda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı elan olunub. Tərəflər onilliklər davam edən münaqişədən sonra sülhün təmin edilməsi istiqamətində çərçivə razılaşması imzalayıblar.
Tehran hesab edir ki, layihə onun Ermənistanla quru əlaqəsini zəiflədə, regional nəqliyyat və tranzit sistemində mövqeyinə zərbə vura bilər.
Razılaşmaya əsasən, “TRIPP Development” adlı birgə müəssisənin yaradılması nəzərdə tutulur. Şirkətdə ABŞ-nin payı 74 faiz, Ermənistanın payı isə 26 faiz olacaq. İlkin olaraq 49 il müddətinə nəzərdə tutulan sazişin daha 50 il uzadılması mümkündür. Bu halda Ermənistanın payı 49 faizə yüksələcək.
İran rəsmiləri və ekspertləri layihənin ölkənin tranzit gəlirlərini azalda biləcəyini, eyni zamanda, regional nəqliyyat mərkəzi kimi mövqeyini zəiflədəcəyini düşünürlər. Bununla yanaşı, İranın şimal sərhədləri yaxınlığında ABŞ-nin mövcudluğunun yaranması Tehranda ciddi təhlükəsizlik riski kimi qiymətləndirilir.
Vilayətidən Ermənistana sərt xəbərdarlıq
İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti noyabrın 5-də “Ettelaat” qəzetində dərc olunan məqaləsində Ermənistanın Baş naziri Nikol Paşinyanın mövqeyini tənqid edib.
İranlı müşavirin iddiasına görə, sonradan ölkənin hərbi komandirləri regiona səfər edib və Tehranın gücünü nümayiş etdirmək məqsədilə genişmiqyaslı hərbi təlimlər keçiriblər.
Vilayəti Ermənistan səfirinə xəbərdarlıq etdiyini də açıqlayıb. O, ABŞ və müttəfiqlərinin İranın müəyyən etdiyi qırmızı xətləri keçməyə çalışacağı təqdirdə sərt cavab veriləcəyini bildirib.
“Əgər Tramp və müttəfiqləri İranın qırmızı xəttini keçməyə çalışsalar, biz onların ayaqlarını sındıracağıq”, - deyə Vilayəti bildirib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə İranın narahatlıqlarına cavab olaraq layihənin silahlı hərbçilərin yerləşdirilməsini nəzərdə tutmadığını açıqlayıb. O, İran da daxil olmaqla, Ermənistanın heç bir qonşusunun bu iqtisadi təşəbbüsü təhlükə kimi qiymətləndirməməli olduğunu vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi də Tehranın narahatlığını təsdiqləyib. Bəqayi bildirib ki, Ermənistan tərəfi marşrutun beynəlxalq sərhədlərin və regionun geosiyasi strukturunun dəyişməsinə səbəb olmayacağına, həmçinin ABŞ hərbi qüvvələrinin ölkə ərazisində yerləşdirilməyəcəyinə dair İrana təminat verib.
İran mediası TRIPP-ə qarşı kampaniyanı gücləndirir
Ermənistanın verdiyi təminatlara baxmayaraq, İranın mühafizəkar və dövlətə bağlı mediası layihəni tənqid etməkdə davam edir.
Noyabrın 9-da İran dövlət televiziyasına bağlı “Jam-e Jam” qəzetində “İrəvanın Tramp kartı macərası” başlıqlı məqalə dərc olunub. Yazıda Sünikdə ABŞ-nin nəzarəti altında iqtisadi və inzibati strukturun yaradılmasının İranın milli təhlükəsizlik doktrinası baxımından qəbuledilməz olduğu bildirilib.
Məqalə müəlliflərinin fikrincə, təhlükəsizlik təhdidləri mütləq hərbi bazaların yaradılması ilə başlamır. ABŞ və onun müttəfiqləri ilə əlaqəli strateji infrastruktur və şəbəkələr gələcəkdə regionda uzunmüddətli təsir mexanizminə çevrilə bilər.
Noyabrın 9-da dövlətə məxsus “Mehr” xəbər agentliyi də “Qafqaz ABŞ-nin təsirinə düşür: Tehran TRIPP dəhlizinin tətbiqinin qarşısını almalıdır” başlıqlı məqalə yayımlayıb.
Nəşr İranın ABŞ və İsraillə müharibədən sonrakı regional mövqeyini nəzərə alaraq, Cənubi Qafqaz siyasətinə yenidən baxmalı olduğunu qeyd edib. Məqalədə Tehranın milli təhlükəsizlik maraqlarını qorumaq üçün daha sərt mövqe nümayiş etdirməsinin vacibliyi vurğulanıb.
Oxşar fikirlər noyabrın 7-də “Fərhikhtegan” qəzetində Rusiya məsələləri üzrə analitik Mehdi Seyf-Təbrizi tərəfindən də səsləndirilib.
Analitikin fikrincə, Tehranın narahatlığı yalnız İran sərhədləri yaxınlığında ABŞ hərbçilərinin mümkün yerləşdirilməsi ilə məhdudlaşmır. Onu daha çox gələcəkdə böhran vəziyyətlərində ilkin iqtisadi məqsədlərindən kənar istifadə oluna biləcək daimi strateji infrastrukturun yaradılması narahat edir.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz