
Bir anlığa başqa bir dünyadan bu dünyaya gəldiyimizi düşünək. Hər tərəfdə səssizlik olsun. Ətrafımızda heç kim olmasın. Biz həyəcan içərisində nə edəcəyimizi düşünək. Elə bu vaxt qarşımızda yer yarılsın və oradan bir fidan boy atsın. Sonra sürətlə böyüsün və ağac olsun. Onun kölgəsində dincələk. Sonra budaqlarında meyvələr bitsin. Onları dərib yeyək…
Sonra yanımıza bir heyvan gəlsin. Məsələn, inək. Onu sağıb südünü içək. Sonra yanımıza başqa bir heyvan gəlsin. Məsələn, at. Ona minib gəzək.
Sizcə, bütün bunlardan sonra heyrətə gəlməmək mümkündürmü? Sizcə, bütün bunlardan sonra qəlbimiz həyəcanla döyünməzmi? Bütün bunları kimin və nə üçün etdiyini düşünmərikmi? Bütün bunlara görə kimə və necə təşəkkür edəcəyimizi öyrənmək istəmərikmi?..
İndi isə səhnəni dəyişək... Bu dəfə tək olmayaq. Ətrafımızda minlərlə, hətta yüz minlərlə insan olsun. Bu insanların da sayı artsın. Və nəhayət bugünkü insanların sayına çatsın. Bizə xidmət edən bitki və heyvanların da sayı artsın. Və nəhayət bu gün dünyada olan bitki və heyvanların sayı ilə eyni olsun. Sonra da qarşımıza belə bir sual qoyaq. Ya da öz-özümüzə belə bir sual verək: Dəyişən nədir? Əslində heyrətimiz daha da artmalı deyilmi? Əslində qəlbimiz daha da həyəcanla döyünməməlidirmi? Yoxsa, bu səs-küylər, bu izdihamlar bizə mane olur? Yoxsa, bu ev-eşik, bu dolanışıq dərdi bizim qarşımızı kəsir? Yəqin ki, düşünməyə dəyər...
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz