
İtaliyanın “Ravenna” klubunun baş məşqçisi Andrea Mandorlini braziliyalı Ronaldinyonun komandanın qarşıdakı oyununda əsas heyətdə yer alacağını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
Bununla belə, məşqçi hələlik oyunçunun meydanda nə qədər vaxt keçirəcəyini müəyyənləşdirməyib.
“O, start heyətində yer alacaq, buna şübhə yoxdur. Sonra onun nə qədər oynayacağına birlikdə qərar verəcəyik. O, dövrümüzün ən görkəmli oyunçularından biridir. Və biz nəticə əldə etməliyik. Biz həmişə üç hücumçu ilə oynayırıq. O, onlardan biri olacaq”, - Mandorlini bildirib.
Seriya C təmsilçisi növbəti oyununu 15 noyabrda keçirəcək. Onlar doğma meydanda “Forli” ilə qarşılaşacaqlar.
Qeyd edək ki, Ronaldinyo Braziliya milli komandası ilə 2002 Dünya Kubokunun qalibi və 2005-ci ildə “Qızıl top” mükafatının sahibidir. O, karyerası ərzində “Qremio”, “PSJ”, “Barselona”, “Milan”, “Flamenqo”, “Atletiko Mineyro”, “Keretaro” və “Fluminense”də çıxış edib.
Braziliyalı peşəkar futboldan 2018-ci ilin yanvar ayında ayrıldığını elan edib. O, son rəsmi oyununu 2015-ci ildə keçirib.
Tətbiqimizi yükləyə bilərsiniz