
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani ilə görüşüb.
Yeniavaz.com “TRT Haber”ə istinadla xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək görüşüblər.
Təkbətək görüşdən sonra tərəflər nümayəndə iştirakı ilə danışıqlar aparıblar.
Qapalı keçirilən görüşdə xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın da iştirak edib.
Görüşdə Ərdoğan və Əl Sani ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələləri də müzakirə ediblər.
Ərdoğan iki ölkə arasında imzalanmış “Qarşılıqlı Müdafiə Sazişi”nin münasibətlərə yeni ölçü qazandıracağını, “Ticarət və İqtisadi Tərəfdaşlıq Sazişi”nin isə qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına töhfə verəcəyini bildirib.
O, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi, müdafiə sənayesi sahəsində tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərin davam etdirildiyini qeyd edib.
Tərəflər Körfəz regionunda müharibənin yenidən alovlanmasının qarşısının alınması, problemlərin diplomatik yollarla həll edilməsi səylərini müzakirə ediblər.
Görüşdə həmçinin, Qəzzadakı humanitar vəziyyət, Suriyadakı normallaşma prosesi və Liviyadakı son hadisələr müzakirə olunub.
Görüşdən sonra Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 12-ci iclası çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən beş saziş imzalanıb.
Sənədlər istehlakçıların hüquqlarının müdafiəsi, bazara nəzarət, təhsil, sülh və münaqişələrin həlli, eləcə də qarşılıqlı müdafiə sahələrini əhatə edir.
Qeyd edək ki, “Qarşılıqlı Müdafiə Sazişi”ni Ərdoğan və Əl Sani imzalayıblar.

Tətbiqimizi yükləyə bilərsiniz