Qızıl dirək


(Həyat dərsi)

Qədim zamanlarda bir şahzadə var idi. Bu şahazdənin var-dövlətinin sayı-hesabı yox idi. Şahzadənin şəhər kənarında bir çadırı var idi. Üstəlik, bu çadır çox qiymətli bir parçadan tikilmişdi. Hətta çadırı saxlayan dirəklər də qızıldan idi.
Bir gün şahzadə çadırında dincəlirdi. Bu vaxt şahzadənin yanına müdrik bir qoca gəldi. Oradan-buradan danışandan sonra söhbət var-dövlətdən düşdü. Sadə və dəbdəbəsiz bir həyat sürən qoca şahzadəyə var-dövlətin faniliyindən danışdı. Digər tərəfdən isə müqəddəs yerlərin nə qədər misilsiz və bənzərsiz olduğunu dedi. Şahzadə bütün bunları böyük diqqətlə dinlədi. Sonra da əlini qocanın çiyninə qoyub: “Sənin sözlərin mənim üçün çox qiymətlidir. Elə isə mənimlə gəl və bu yolda mənə yoldaş ol”, - dedi.
Bu sözləri dedikdən sonra şahzadə arxasına da baxmadan yola düşdü. Qoca isə şahzadənin bu hərəkətindən çox təəccübləndi və onun arxasınca qaçaraq: “Şahzadəm, məgər o müqəddəs yerlərə getməkdə fikriniz qətidir? Əgər qətidirsə, gedim, özümlə əşyalarımı da götürüm”, - dedi.
Şahzadə gülərək cavab verdi: “Mən bütün var-dövlətimi arxada qoydum. Ancaq sən hələ də əşyalarını götürmək üçün geri qayıtmaq istəyirsən”.
Qoca yenə təəccüb içərisində soruşdu: “Şahzadəm, elə isə mənə deyin, necə olur ki, bütün var-dövlətinizi arxanıza baxmadan qoyub gedirsiniz?”
Şahzadə yavaş, ancaq aydın bir səslə dedi: “Çünki mən qızıl çadırımın dirəklərini toprağa bağlamışam, ürəyimə yox”...

DİGƏR XƏBƏRLƏR

Top