Deputatın oğlunun şirkəti eyni mənzilə görə iki ayrı ödəniş tələb edir? – Foto


Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan “Kristal Bakı” ASC (VÖEN – 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir.
Yeniavaz.com
xəbər verir ki, şirkətin rəsmi saytı – “Kristal.az” vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğləri ilə bağlı uyğunsuzluq müşahidə olunur.
Məsələn, Biləcəri yaşayış kompleksində yerləşən, ümumi sahəsi 75,39 kvadratmetr olan 3 otaqlı studiya mənzilin qiyməti 192 min 245 manat göstərilir.
Saytın “Layihələr” bölməsində qeyd olunur ki, bu mənzili əldə etmək üçün 30% ilkin ödəniş (57 min 673 manat 50 qəpik) edilməli, qalan məbləğ isə 20 il müddətində aylıq 1 461 manat 75 qəpik olmaqla ödənilməlidir.
Lakin həmin səhifədəki “İpoteka sorğusu” bölməsinə daxil olduqda eyni mənzil üçün fərqli ödəniş məbləği göstərilir. Belə ki, bu səhifədə ilkin ödəniş 57 min 674 manat, aylıq ödəniş isə 1 576 manat 61 qəpik qeyd olunur.
Beləliklə, eyni mənzil və eyni kredit müddəti üçün göstərilən aylıq ödənişlər arasında 114 manat 86 qəpik fərq yaranır.

Məsələ ilə bağlı “Kristal” şirkətinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, buna səbəb saytda müvəqqəti yaranmış texniki xətadır:
“Həmin xəta səbəbindən faiz dərəcəsi düzgün hesablanmadığı üçün aylıq ödəniş məbləği yanlış əks olunmuşdu. Hazırda texniki problem aradan qaldırılıb və hər iki bölmədə aylıq ödəniş məbləği eyni olaraq göstərilir”.
Məlumat üçün bildirək ki, “Kristal Bakı” ASC 19 mart 2020-ci il tarixində vergi qeydiyyatına alınıb. Şirkətin səhmlərinin 50%-i Vəliyev Pərviz Ağalar oğluna, 25%-i Nəbiyev Fərid Elbrus oğluna, 25%-i isə Nəbiyev Araz Mahayət oğluna məxsusdur. ASC-yə yekun nəzarəti Pərviz Vəliyev həyata keçirir.
Onu da bildirək ki, Pərviz Vəliyev millət vəkili Ağalar Vəliyevin oğludur.

Eyni mənzil dövlət ipotekası ilə 335 min, “Kristal”ın “daxili kredit”i ilə 470 min manata satılır

Deputat oğlunun məşhur şirkəti haqqında araşdırma başlayıb

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top