Alimlər xərçənglə mübarizə aparan saqqız hazırlayıblar


Eksperimental saqqız baş və boyun xərçəngi olan pasiyentlərin tüpürcək nümunələrində insan papilloma virusunun (HPV) 93 faizədək hissəsini özünə birləşdirib. Saqqızın tərkibinə əlavə edilən başqa bir komponent isə iki növ bakteriyanın miqdarını azaldıb.
Yeniavaz.com
xəbər verir ki, Pensilvaniya Universitetinin alimlərinin apardığı tədqiqatın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.
Tədqiqat müəllifləri ağız boşluğundakı mikroorqanizmlərə təsir göstərə bilən zülalların yerli tətbiqi imkanlarını araşdırıblar.
Bildirilir ki, insan papilloma virusunun (HPV) davamlı infeksiyası bəzi xərçəng növlərinin yaranmasına səbəb ola bilər. Bundan başqa, “Porphyromonas gingivalis” və “Fusobacterium nucleatum” bakteriyalarının yüksək səviyyədə olması baş və boyun nahiyəsindəki şişlərin daha əlverişsiz nəticələri ilə əlaqələndirilir.
Virus əleyhinə saqqızın əsasını lobya növündən alınan və FRIL lektini ehtiva edən maddə təşkil edir. Bu zülal virus hissəciklərinə birləşərək onları qruplar halında toplayır.
“Tüpürcək və ağız boşluğunun yaxalanması zamanı əldə edilən maye nümunələrinin laboratoriya analizləri göstərib ki, bu üsul müvafiq olaraq virusun 93 və 80 faizini özünə birləşdirə bilir”, - məqalədə qeyd olunub.
Daha sonra tədqiqatçılar saqqızın tərkibinə antimikrob təsirə malik proteqrin-1 peptidini əlavə ediblər. Alınan qarışıqla nümunələrin bir dəfə işlənməsi hədəf bakteriyaların sayını 99 faizdən çox azaldıb. Bununla yanaşı, tədqiq edilən streptokoklar da daxil olmaqla, bəzi digər bakteriyalar qorunub saxlanılıb. Bu isə sınaq şəraitində vasitənin seçici təsir göstərdiyini ortaya qoyub.
Tədqiqat müəllifləri növbəti mərhələdə klinik sınaqların keçirilməsini təklif edirlər. Onlar yeni vasitənin mövcud müalicə üsullarına əlavə kimi, eləcə də infeksiyalara nəzarət vasitəsi kimi istifadə imkanlarının araşdırılmasını vacib hesab edirlər.

DİGƏR XƏBƏRLƏR

Top