
ABŞ-nin texnologiya şirkəti “Nvidia”nın səhmləri birjalarda əsas ticarət əməliyyatları başa çatdıqdan sonra 7%-dən çox ucuzlaşıb.
Yeniavaz.com xəbər verir ki, buna səbəb şirkətin direktorlar şurasının baş direktor Censen Huanqı vəzifəsindən kənarlaşdıra biləcəyi barədə yayılan məlumatlar olub.
Son məlumatlara görə, “Nvidia”nın səhmləri 7,38% ucuzlaşaraq 160,90 dollara düşüb. Halbuki çərşənbə günü şirkətin səhmləri 2,87% bahalaşaraq 173,73 dollara yüksəlmişdi.
“Wall Street Journal” qəzeti mənbələrinə istinadən yazıb ki, şirkətin direktorlar şurası çərşənbə günü Censen Huanqın rəhbər vəzifəsindən kənarlaşdırılması məsələsini nəzərdən keçirə bilər.
Qeyd edək ki, bundan əvvəl “The New York Times” qəzeti sahibkar Alis Huanqın “Nvidia”nın rəhbəri ilə yaxın münasibətlərinin olduğunu və Çin dövlət qurumları üçün məlumat mənbəyi kimi fəaliyyət göstərdiyini yazıb.
Censen Huanq sözügedən münasibəti təsdiqləyib. Bundan sonra “Nvidia” şirkəti məsələ ilə bağlı müstəqil araşdırma aparılacağını açıqlayıb.
Ötən gün Censen Huanqın “Nvidia” şirkətinin səhiyyə məhsulları üzrə vitse-prezidenti Kimberli Pauell ilə münasibətlərinin olması barədə məlumatlar yayılıb.
Xatırladaq ki, “Nvidia” 1999-cu ildə təsis edilib. Baş ofisi ABŞ-nin Kaliforniya ştatının Santa-Klara şəhərində yerləşən şirkət qrafik prosessorların istehsalı ilə yanaşı, süni intellekt texnologiyalarının inkişafı sahəsində də fəaliyyət göstərir.
Tətbiqimizi yükləyə bilərsiniz