"Mərkəzi Bankın eyni işi görən departamentlərini birləşdirmək lazımdır"

"Düz 1 il əvvəl Mərkəzi Bankın sədri bütün xalqımızla bərabər mətbuatdan Prezidentin "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında" fərmanından xəbər tutdu. Həmin fərmanla Mərkəzi Bankdan bank nəzarəti səlahiyyətləri alındı". Yeniavaz.com xəbər verir ki, bunu bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirib.

Ə. Həsənov deyib ki, Mərkəzi Bankın iki əsas funksiyası var idi: pul siyasəti və bank nəzarəti: "İkinci funksiyadan məhrum edildikdən sonra Mərkəzi Bankda ciddi ixtisarlar gözlənilirdi. Lakin belə olmadı. Nəinki İdarə Heyəti, hətta altrəhbərliyi dəyişməz qaldı. Mərkəzi Bankda eyni zamanda bu beş bölmə nəyə lazımdır: İqtisadi təhlil departamenti, Tədqiqatlar və İnkişaf Mərkəzi, Tədqiqatlar departamenti, İqtisadi maarifləndirmə xidməti və Strateji idarəetmə departamenti? Və ya eyni İnzibati departament, Ümumi şöbə və Satınalmalar xidməti nəyə lazımdır? Eyni Xəzinə departamenti və Nağd pul departamenti nəyə lazımdır? Həmçinin eyni zamanda Təhlükəsizlik departamenti və Risklərin idarəedilməsi departamenti niyə lazımdır? Eyni vaxtda Pul siyasəti departamenti və Bazar əməliyyatları departamenti niyə lazımdır? Mərkəzi Bankın sədrinin ofisi ilə yanaşı, Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamenti niyə lazımdır axı? Bütün sadalanları birləşdirmək lazımdır. Nəticədə 23 bölmənin yerinə uzağı 13-ü qalacaq! Boş-boş vaxt keçirən işçiləri isə ixtisar etmək lazımdır! Yeri gəlmişkən, dövlət qurumları arasında ən yüksək maaşlar məhz Mərkəzi Bankdadır. Təsəvvür edirsiniz, Mərkəzi Bankın aparatı necə şişirdilib? Həmin binadan da daha səmərəli istifadə etmək olar. Məsələn, Neft Fondunu da ora köçürmək olar. Onsuz da əvvəl-axır işi xeyli azalan və gəlirini elə Mərkəzi Banka ötürən Neft Fondu Mərkəzi Banka birləşdiriləcək".

DİGƏR XƏBƏRLƏR

Top