Kim Çen In qızını özünə varis hazırlayır – KİV


Şimali Koreya lideri Kim Çen In hakimiyyəti qızı Kim Çju Eyə təhvil verməyə hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” agentliyi vətənləri ilə əlaqə saxlayan təxminən 12 Şimali Koreya qaçqını arasında aparılan sorğuya istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, qızın təxminən 13 yaşı var. 2022-ci ilin sonlarından bəri o, onlarla ictimai çıxış edib - həmişə atası ilə birlikdə silah sınaqları və hərbi paradlar da daxil olmaqla böyük tədbirlərdə iştirak edib.
Şimali Koreya mediası onu Kim Çen Inın “ən sevimli” və “ən hörmətli” uşağı adlandırır.
Digər tərəfdən, Cənubi Koreya kəşfiyyatı da onu Şimali Koreya liderinin ehtimal olunan varisi hesab edir.
“Raket poliqonlarına və fabriklərinə səfərləri zamanı Şimali Koreyanın yüksək vəzifəli rəsmiləri Kim Çju E ilə təkcə Kim Çen Inın qızı üçün deyil, varisi üçün nəzərdə tutulmuş protokolla davranırlar”, - deyə Londondakı Şimali Koreya səfirliyinin keçmiş əməkdaşı The Yon Ho  bildirib.
Məqalədə həmçinin deyilir ki, Kim Şju E saçlarını çiyinlərindən aşağı saxlayır, dabanlı ayaqqabılar geyinir, baxmayaraq ki, Şimali Koreyada adi yeniyetmələr üçün bu cür geyimlərə icazə verilmir.
Sorğuda iştirak edən 12 qaçqından 8-i bu fikri bölüşür. Qalanları isə Şimali Koreyanın patriarxal quruluşunu əsas gətirərək buna şübhə ilə yanaşırlar.
Cənubi Koreyanın Birləşmə Nazirliyinin məlumatına görə, Koreya Əmək Partiyasının 17 şöbəsindən yalnız birinə qadın - dövlət başçısının bacısı Kim Yo Çjon rəhbərlik edir.
Lakin analitiklər razılaşırlar ki, hazırda 40 yaşından bir az çox olan Kim Çen In sülalənin hakimiyyətini uzatmaq üçün çox güman ki, övladlarından birini varis təyin edəcək. Onların sözlərinə görə, əgər Kim Çju E rəsmi olaraq varis təyin olunarsa, hakim elita onun namizədliyini dəstəkləyəcək. 
Qeyd edək ki, Kim Çen In bir müddət əvvəl qızını Şimali Koreyanın raket proqramının rəhbəri təyin etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top