
“Azərbaycan müsəlmanlarının iradəsini ifadə edərək İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsini ciddi şəkildə qınayır, qətiyyətlə etirazımızı bildiririk”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bəyanatında deyilir.
Qeyd olunub ki, bu hal Azərbaycan dini-mənəvi irsinə qarşı qeyri-etik, təhrifedici münasibətin göstəricisi, aşkar vandalizm təzahürü və təxribatdır:
“Azərbaycan xalqının tarixi dini abidələrindən biri olan İrəvan Göy məscidi, ermənilərin uzun onilliklər ərzində işğal etdikləri tarixi torpaqlarımızda həyata keçirdikləri vandalizmdən, təəssüflər olsun ki, kənar qalmayıb. Dağıdılan, yandırılan, İslamda haram buyurulan heyvanların saxlanılması ilə həqarət edilən dini ibadətgahlarımızın, o cümlədən, Şuşadakı tarixi məscidlərimizin ardınca bu gün İrəvan Göy məscidinin zalına erməni şairin adının verilməsi, müsəlman ibadət məkanında gələcəkdə həmin erməniyə büstün quraşdırılmasının nəzərdə tutulması, ümumən, küfrdən başqa bir şey deyil.
Mədəni xalqlar hər hansı kitab təqdimatını başqa dinə mənsub ibadət məkanında deyil, öz mədəniyyət ocaqlarında keçirirlər. Mədəni tədbir adına məsciddə şou düzənləmək heç kəsə başucalığı gətirə bilməz.
Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərindən qovulmasından sonra indiki Ermənistanda qalan tarixi Azərbaycan mədəni-mənəvi irsindən öz aləmlərində hayıf çıxmaq, XVIII əsrdə İrəvan xanı Hüseynəli xanın inşa etdirdiyi, Azərbaycan memarlığının nadir incilərindən biri olan məscidin tarixini saxtalaşdıraraq, İran məscidi kimi qələmə verərək orada qurama tədbirlər keçirmək cəhdləri iflasa məhkumdur”.
Bəyanatda vurğulanıb ki, QMİ mədəni tədbir adı altında baş tutan qeyri-mədəni şounu qətiyyətlə pislədiyini bəyan edib, Ermənistan hökumətindən belə halların qarşısının alınmasını tələb edir:
“44 günlük Vətən müharibəsi nəticəsində kapitulyasiya etmiş Ermənistanın sülh danışıqlarına sədaqət nümayiş etdirməsi fonunda belə bir halın baş verməsi sülh prosesini şübhə altına alır. Bu, yalnız revanşistlərin maraqlarına xidmət edir”.
Tətbiqimizi yükləyə bilərsiniz