Vergi Xidməti “Oliver Wyman” ilə 2 milyonluq müqavilə imzaladı


İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində fəaliyyət göstərən beynəlxalq konsaltinq şirkəti “Oliver Wyman FZ LLC” ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, satınalma müqaviləsi tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd edək ki, müqavilə Dövlət Vergi Xidmətində risk əsaslı uyğunluq sisteminin institusional, texnoloji və analitik təməllərinin qurulmasını hədəfləyən “Uyğunluğun Təmin Edilməsi Layihəsi” üzrə xidmətlərin (2-ci mərhələ) göstərilməsini əhatə edir. Satınalma müqaviləsinin dəyəri 1 milyon 537 min 933 manat 34 qəpik təşkil edir.
Bu ilin mart ayında layihənin icrasının 1-ci mərhələsi üçün bağlanmış müqavilənin dəyəri isə 512 min 644 manat 45 qəpik olub.
Məlumat üçün bildirək ki, “Oliver Wyman FZ LLC” “Oliver Wyman” adlı beynəlxalq idarəetmə və biznes konsaltinq şirkətinin Yaxın Şərq ölkələrinə xidmət göstərən yerli bölməsi kimi fəaliyyət göstərir. 2024-cü il maliyyə hesabatında “Oliver Wyman FZ LLC” şirkətinin səhmlərinin 48%-nin “Oliver Wyman Limited”ə məxsus olduğu göstərilir. “Oliver Wyman” isə Böyük Britaniyanın “Marsh McLennan” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
“Marsh McLennan” ABŞ mənşəli, dünyanın ən böyük beynəlxalq peşəkar xidmət və konsaltinq şirkətləri qruplarından biridir. Şirkət korporativ risklərin idarə edilməsi, sığorta, təkrar sığorta, investisiya, insan resursları və biznes strategiyası sahələrində fəaliyyət göstərir.
Açıqlanan məlumatlara görə, 130 ölkədə fəaliyyət göstərən “Marsh McLennan”ın 95 mindən çox işçisi var. Son məlumatlara görə, şirkətin illik gəliri təxminən 27 milyard dollar təşkil edib.
Onu da qeyd edək ki, “Marsh McLennan” müxtəlif illərdə sığorta tenderlərində manipulyasiya, investorların maraqlarının pozulması və rüşvətxorluqla bağlı qalmaqallarda gündəmə gəlib.
Şirkətin tarixində ən böyük qalmaqallardan biri 2004-cü ildə ABŞ-də üzə çıxıb. ABŞ Baş prokurorlarının Milli Assosiasiyasının (NAAG) məlumatına görə, Nyu-York ştatının prokurorluğu “Marsh McLennan”ı müştərilərin sığorta müqavilələrini müəyyən şirkətlərə yönləndirməkdə və tenderlərdə saxta təkliflər təşkil etməklə rəqabət görüntüsü yaratmaqda ittiham edib.
2005-ci il yanvarın 30-da əldə olunan razılaşmaya əsasən, “Marsh” müştərilərə kompensasiya ödənilməsi üçün 850 milyon dollar ayırmağı və biznes fəaliyyətində şəffaflığı artırmağı öhdəsinə götürüb.
“Marsh McLennan”ın adı digər maliyyə qalmaqalında da hallanıb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) məlumatına görə, şirkətin həmin dövrdə sahib olduğu “Putnam Investments” investisiya şirkətinin bəzi əməkdaşları müştərilərin maraqlarına zidd olaraq investisiya fondlarında qısamüddətli əməliyyatlar aparıblar. 2004-cü ildə “Putnam” bu iş üzrə 55 milyon dollar ödəməyə razılaşıb. Sonrakı kompensasiya ödənişləri ilə bağlı məbləğ isə təxminən 98 milyon dollar təşkil edib.
Şirkətlə əlaqəli daha bir qalmaqal Kolumbiyada baş verib. Kolumbiyanın şirkətlərə nəzarət orqanının 2022-ci ildə yaydığı məlumata görə, “JLT RE Colombia” şirkəti transsərhəd rüşvətxorluqla əlaqədar 8 milyard 327 milyon Kolumbiya pesosu məbləğində cərimələnib. Söhbət “Marsh McLennan”ın 2019-cu ildə satın aldığı JLT şirkətinin əvvəlki fəaliyyət dövrü ilə bağlı işdən gedir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top