Sabiq nazirin mənzili 7-ci dəfə hərraca çıxarılır


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunan mənzili 7-ci dəfə açıq hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, hərrac 3 dekabr saat 11:00-da Əmlak Xidmətləri Məkanında baş tutacaq.
Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospekti, ev 7A, mənzil 3 ünvanında yerləşən, 61,1 kvadratmetr sahəsi olan mənzil satılmadığı üçün avqustun 18-də 6-cı dəfə hərraca çıxarılıb. Dekabrın 3-də 7-ci hərraca çıxarılacaq mənzilin qiymətində heç bir endirim olmayacaq və mənzil 6-cı hərracda olduğu kimi 175 min manata təqdim olunacaq.
Onu da bildirək ki, daha əvvəl Səlim Müslümova məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, mənzil 108 ünvanında yerləşən, 370,4 kvadratmetr sahəsi olan mənzil 50 faiz endirimlə 5-ci dəfə satışa çıxarılaraq 463 min 125 manata satılıb.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top