2 milyard dollarlıq layihə iflasa uğradı? – “Cybertruck”ın istehsalı dayandırılır


“Tesla” şirkəti elektrik pikapı – “Cybertruck”un istehsalını 2027-ci ildən etibarən tamamilə dayandırmağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, yayılan məlumatda qərarın əsas səbəbinin şirkətin istehsal gücünü yeni muxtar robotaksi – “Cybercab” layihəsinə yönəltmək istəyi olduğu bildirilir.
Məlumata görə, “Tesla”nın baş direktoru İlon Mask investorlarla görüşdə şirkətin prioritetlərinin dəyişdiyini bildirib.
Onun sözlərinə görə, şirkətin əsas hədəfi süni intellekt və robototexnologiyaların inkişafıdır. “Cybertruck”un istehsalının mürəkkəbliyi və xərcləri isə robotaksi layihəsindən gözlənilən faydalarla müqayisədə özünü doğrultmur.
“Cybertruck”un istehsalının dayandırılması qərarına təsir edən əsas amillərdən biri də avtomobilə gözlənilən tələbatın formalaşmamasıdır.
Belə ki, ABŞ-də 2024-cü ildə 38 min 965 ədəd “Cybertruck” satıldığı halda, 2025-ci ildə bu göstərici 48% azalaraq 20 min 237 ədədə düşüb. Cari ildə satışların daha da zəiflədiyi, analitiklərin isə 2027-ci ilədək mənzərənin yaxşılaşacağını gözləmədiyi bildirilir.
Satış problemləri ilə yanaşı, avtomobilin istehsalı da şirkət üçün ciddi çətinliklər yaradıb. Paslanmayan poladdan hazırlanmış korpusun istehsal prosesinin mürəkkəbliyi, texniki nasazlıqlar, proqram təminatı xətaları və təhlükəsizliklə bağlı problemlər layihənin xərclərini artırıb.
Digər mühüm problem isə avtomobilin qiyməti olub. İlkin təqdimat zamanı “Cybertruck”un 40 min dollara satışa çıxarılacağı vəd edilsə də, sonradan modellərin faktiki qiyməti 92 min-102 min dollar arasında dəyişib. Bu isə avtomobili bir çox potensial alıcı üçün əlçatmaz edib.
Nəticədə “Tesla”nın ildə 250 min ədəd “Cybertruck” satmaqla bağlı ilkin hədəfi reallaşmayıb.
Avtomobilin satışlarına mənfi təsir göstərən digər amillərdən biri də İlon Maskın siyasi fəaliyyəti olub. Onun 2024-cü ildə Donald Trampı açıq şəkildə dəstəkləməsi “Cybertruck”un bəzi ictimai etirazların hədəfinə çevrilməsinə səbəb olub. Bundan başqa, ənənəvi pikap alıcılarının əhəmiyyətli hissəsinin bu modelə maraq göstərməməsi də satış imkanlarını məhdudlaşdırıb.
Maliyyə itkilərinə gəlincə, “Tesla” layihə üzrə rəsmi yekun hesabat açıqlamasa da, analitiklər “Cybertruck”un tədqiqatı, dizaynı və istehsal xətlərinin qurulmasına təxminən 2 milyard dollar vəsait xərcləndiyini ehtimal edirlər.
Bundan əlavə, tələbatın azalması nəticəsində şirkətin dayanacaqlarında minlərlə satılmamış “Cybertruck”un qaldığı bildirilir. Bu avtomobillərin ümumi dəyərinin təxminən 800 milyon dollar olduğu və həmin vəsaitin satılmamış məhsul şəklində dövriyyədən kənarda qaldığı təxmin edilir.

DİGƏR XƏBƏRLƏR

Top