
Dünyada dövriyyədə olan 180 rəsmi valyutadan yalnız 17-si tam konvertasiya edilə bilən, yəni sərbəst şəkildə digər valyutalara dəyişdirilə bilən pul vahididir.
Yeniavaz.com BMG agentliyinə istinadən xəbər verir ki, tam konvertasiya edilə bilən valyutalar beynəlxalq ticarətdə və qlobal maliyyə əməliyyatlarında dövlət məhdudiyyətləri olmadan istifadə edilir.
Bu valyutaların siyahısına ABŞ dolları, avro, Yaponiya yeni, Britaniya funt sterlinqi, Avstraliya dolları, Kanada dolları, İsveçrə frankı, Çin yuanı, Honkonq dolları, Yeni Zelandiya dolları, İsveç kronası, Cənubi Koreya vonu, Sinqapur dolları, Norveç kronası, Meksika pesosu, Hindistan rupisi və İsrail şekeli daxildir.
Digər valyutaların əksəriyyəti qismən konvertasiya edilə bilən və ya konvertasiya edilə bilməyən pul vahidləridir. Bu isə onların digər valyutalara dəyişdirilməsi və ölkədən çıxarılması ilə bağlı müəyyən məhdudiyyətlərin mövcud olması deməkdir.
Bəzi valyutaların beynəlxalq bazarda payı və likvidliyi də kifayət qədər aşağıdır. Bu səbəbdən onlarla irihəcmli maliyyə əməliyyatlarının aparılması çətin, bəzi hallarda isə praktiki olaraq mümkünsüzdür.
Dünyada ən çox tələb olunan valyutalar
Valyutaların beynəlxalq bazarda nə dərəcədə tələb olunduğunu müəyyən edən əsas göstəricilərdən biri onların gündəlik ticarət əməliyyatlarında payıdır.
Beynəlxalq Hesablaşmalar Bankının (BIS) məlumatına görə, “Forex” (valyuta mübadiləsi) bazarında gündəlik ticarət dövriyyəsi 10 trilyon dollara çatır. Bu bazarda ən böyük paya malik 10 valyuta isə aşağıdakılardır:
ABŞ dolları – 89,2%
Avro – 28,9%
Yaponiya yeni – 16,8%
Britaniya funt sterlinqi – 10,2%
Çin yuanı – 8,5%
İsveçrə frankı – 6,4%
Avstraliya dolları – 6,1%
Kanada dolları – 5,8%
Honkonq dolları – 3,8%
Sinqapur dolları – 2,4%.
Qeyd edək ki, “Forex” bazarında hər valyuta əməliyyatı iki valyutanın mübadiləsini nəzərdə tutduğundan, ümumi bazar paylarının cəmi 100 faizi keçə bilər.
Reytinqdə yer alan valyutalar yüksək likvidliyi ilə seçilir. Bu o deməkdir ki, həmin valyutaları günün istənilən saatında böyük həcmdə almaq və satmaq nisbətən asandır.
Bundan başqa, onlara yüksək tələbat olduğundan alış və satış qiymətləri arasındakı fərq (spred) adətən aşağı olur.
Valyutanın beynəlxalq bazardakı mövqeyinə təsir edən digər mühüm amil isə onu buraxan ölkənin iqtisadiyyatının həcmidir. İqtisadiyyatı kiçik olan ölkələrin milli valyutaları qlobal miqyasda irihəcmli əməliyyatları təmin etmək imkanlarına malik olmur.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz