Azərbaycanın iqtisadi təhlükəsizliyi: İdxaldan asılılıq hansı sahələrdə strateji risk yaradır?


Azərbaycanın iqtisadi təhlükəsizliyi dedikdə ilk növbədə enerji resursları, maliyyə ehtiyatları və xarici ticarət balansı yada düşür. Lakin iqtisadi təhlükəsizlik yalnız ölkənin nə qədər neft və qaz ixrac etməsi ilə ölçülmür. Ərzaq, dərman, sənaye avadanlıqları və istehsal üçün zəruri komponentlərin fasiləsiz təmin edilməsi də bu təhlükəsizliyin mühüm tərkib hissəsidir.
Müasir dünyada heç bir ölkənin bütün məhsulları öz daxilində istehsal etməsi real deyil. Beynəlxalq ticarət və ixtisaslaşma iqtisadi inkişafın vacib şərtidir. Buna görə də, idxaldan asılılığın mövcudluğu özlüyündə problem deyil. Əsas risk strateji əhəmiyyətli məhsullar üzrə təchizatın məhdud sayda xarici mənbədən asılı olması və böhran zamanı alternativ imkanların zəifliyidir.
Azərbaycanın 2025-ci il üzrə xarici ticarət göstəriciləri məsələnin miqyasını göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkənin idxalı 24,38 milyard dollar, ixracı isə 24,53 milyard dollar təşkil edib. İdxalın həcmi və məhsul strukturu göstərir ki, ölkənin iqtisadi təhlükəsizliyini qiymətləndirərkən yalnız xarici ticarət balansına deyil, konkret məhsullar üzrə təchizat mənbələrinə də diqqət yetirmək lazımdır.
İlk strateji istiqamət ərzaq təhlükəsizliyidir. Beynəlxalq Valyuta Fondunun 2026-cı il Azərbaycan hesabatında Rusiyanın ölkənin ümumi idxalında 18 faiz, ərzaq idxalında isə 34 faiz paya malik olduğu göstərilir. Tərəvəz idxalında bu göstərici 2023-cü ildə 44 faizə çatıb. Daha diqqətçəkən məqam isə 2025-ci ildə Azərbaycanda ərzaq inflyasiyasının təxminən üçdə ikisinin Rusiyadakı inflyasiya prosesləri ilə əlaqələndirilməsidir.
Bu rəqəmlər göstərir ki, ərzaq təhlükəsizliyi yalnız ölkə daxilində nə qədər məhsul yetişdirilməsi ilə müəyyən edilmir. Toxum, gübrə, pestisid və kənd təsərrüfatı texnikasının təminatı da istehsalın davamlılığı üçün vacibdir.
Məsələn, Dünya Bankının UN Comtrade məlumatları əsasında hazırladığı WITS platformasının 2025-ci il göstəricilərinə görə, Azərbaycanın gübrə idxalının dəyəri 87,6 milyon dollar olub. Bunun 61,8 milyon dolları Rusiyanın payına düşüb. Başqa sözlə, həmin məhsul qrupu üzrə idxalın təxminən 70,5 faizi bir ölkədən təmin edilib. Bu göstərici ümumi gübrə istehlakında idxalın payını deyil, idxalın coğrafi strukturunu əks etdirir. Lakin təchizatın bir mənbədə cəmləşməsinin yaratdığı riski aydın göstərir.
İkinci istiqamət əczaçılıqdır. Dərman təminatında xarici istehsalçılardan asılılıq yalnız iqtisadi deyil, həm də sosial və humanitar təhlükəsizlik məsələsidir. Azərbaycanın rəqabət qurumunun OECD-yə təqdim etdiyi 2025-ci il sənədində yerli dərman istehsalının ümumi dərmanların cəmi 1,1 faizini təşkil etdiyi bildirilir. Sənəddə 2023-cü il üzrə ölkədə 5 658 dərman preparatının qeydiyyatda olduğu da göstərilir.
Dərman bazarında belə bir asılılıq beynəlxalq logistika problemləri, istehsalçı ölkələrdə məhdudiyyətlər və qiymət dəyişiklikləri zamanı ciddi risk yarada bilər. Buna görə də, yerli əczaçılıq sənayesinin inkişafı, xüsusilə həyati əhəmiyyətli dərmanların istehsalı və strateji ehtiyatların yaradılması vacibdir.
Üçüncü istiqamət sənaye və texnoloji asılılıqdır. Zavodların, sənaye müəssisələrinin və sənaye parklarının yaradılması vacibdir. Lakin istehsal prosesində istifadə olunan avadanlıqlar, elektron komponentlər, idarəetmə sistemləri və ehtiyat hissələri xaricdən gətirilirsə, istehsalın dayanıqlılığı da xarici təchizatdan asılı qalır.
WITS-in 2025-ci il məlumatlarına görə, Azərbaycanın elektrik maşınları, avadanlıqları və onların hissələri üzrə (HS 85) idxalı 1,66 milyard dollar təşkil edib. Bunun təxminən 956 milyon dolları Çinin payına düşüb. Bu məhsul qrupu yalnız sənaye avadanlıqlarını əhatə etməsə də, texnoloji məhsullar üzrə xarici təchizatın miqyasını göstərir.
Xüsusilə neft-qaz, energetika, nəqliyyat və su infrastrukturu kimi kritik sahələrdə spesifik ehtiyat hissələrinin və texnoloji komponentlərin gecikməsi bütöv istehsal prosesinin dayanmasına səbəb ola bilər. Buna görə də, yerli istehsal anlayışına yalnız hazır məhsul istehsalı kimi deyil, texniki xidmət, təmir, komponentlərin lokallaşdırılması və alternativ təchizat imkanlarının yaradılması kimi yanaşmaq lazımdır.

Bəs çıxış yolu nədir?
Azərbaycanın iqtisadi siyasətində idxalı tamamilə əvəzləmək deyil, strateji idxal risklərini idarə etmək əsas hədəfə çevrilməlidir. Bunun üçün ilk növbədə kritik məhsulların siyahısı hazırlanmalı, onların hansı ölkələrdən və təchizatçılardan alındığı, alternativ mənbələrin mövcudluğu, ehtiyatların kifayət etmə müddəti və yerli istehsal imkanları qiymətləndirilməlidir.
İkinci addım yerli istehsalın iqtisadi səmərəlilik əsasında təşviqidir. Hər məhsulun ölkə daxilində istehsalı məqsədəuyğun deyil. Lakin strateji əhəmiyyətli məhsullarda minimum yerli istehsal və ya alternativ təchizat imkanlarının yaradılması iqtisadi təhlükəsizlik baxımından əsaslandırıla bilər.
Üçüncü addım dövlət satınalmalarının bu strategiyanın alətinə çevrilməsidir. Dövlət satınalmalarında yalnız ən aşağı qiymətə deyil, məhsulun həyat dövrü xərclərinə, təchizatın davamlılığına, texniki xidmət imkanlarına və yerli iqtisadiyyata verdiyi töhfəyə də diqqət yetirilməlidir. Belə yanaşma yerli istehsalçıların inkişafına və texnoloji bacarıqların formalaşmasına şərait yarada bilər.
Nəticə etibarilə, iqtisadi təhlükəsizlik bütün məhsulları özümüzün istehsal etməsi demək deyil. Bu, ölkənin həyati əhəmiyyətli məhsullar üzrə xarici təchizatda yaranan fasilələr qarşısında iqtisadi fəaliyyətini davam etdirə bilməsidir.
Azərbaycanın enerji resurslarından əldə etdiyi gəlirlər yalnız bugünkü istehlaka deyil, gələcəkdə xarici təchizat şoklarına qarşı dayanıqlı iqtisadi sistemin qurulmasına da xidmət etməlidir.
Çünki iqtisadi müstəqillik yalnız nəyi ixrac etdiyimizlə deyil, xaricdən ala bilmədiyimiz zaman nələri təmin edə bildiyimizlə də ölçülür.

İbrahim Məmmədli,
Satınalma və təchizat zənciri üzrə mütəxəssis

DİGƏR XƏBƏRLƏR

Top