
“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venqer Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidentliyinə namizəd ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fransanın “L'Equipe” qəzeti məlumat yayıb.ş
Məlumata görə, Venqer gələn həftənin ortalarına qədər yekun qərar verməyi planlaşdırır.
Seçkilər 2027-ci ilin mart ayında Mərakeşdə keçiriləcək. Namizədlər iştirak etmək üçün ərizələrini 18 noyabr tarixinə qədər təqdim etməlidirlər.
Venqer hazırda FİFA-nın qlobal futbol inkişafı üzrə rəhbəridir.
Qeyd edək ki, daha əvvəl Britaniyanın “The Times” qəzeti FİFA-nın hazırkı prezidenti Canni İnfantinonun əleyhdarlarının Venqeri təşkilatın qarşıdan gələn prezident seçkilərində namizəd olmağa razı salmağa çalışdıqlarını bildirmişdi.
Xatırladaq ki, 77 yaşlı Arsen Venqer 1996-cı ildən 2018-ci ilə qədər “Arsenal”a rəhbərlik edib. Fransız mütəxəssisin rəhbərliyi altında London komandası üç İngiltərə çempionluğu, yeddi İngiltərə Kuboku və İngiltərə Superkuboku titulunu qazanıb, Çempionlar Liqası və UEFA Kubokunun finalına yüksəlib.
Baş məşqçi kimi Venqer həmçinin Yaponiyanın “Naqoya”, Fransanın “Nansi” və “Monako” klublarına da rəhbərlik edib və komandaya Fransa liqasında və Fransa Kubokunda qələbə qazandırıb.
Tətbiqimizi yükləyə bilərsiniz