
Dünya cüdo ulduzu və beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə Fransa prezidentliyinə namizədliyini irəli sürəcəyini elan edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə səhifəsində yaydığı sqəzetinə verdiyi videoda bildirib.
“Mənim adım Teddi Rinerdir və bunu bu gün sizə düz gözlərinizin içinə baxaraq deyirəm. Mən 2027-ci ildə prezidentliyə namizədliyimi irəli sürəcəyəm”, - o qeyd edib.
Riner həmçinin, nə solçu, nə də sağçı olduğunu, lakin cəmiyyətdə birlik üçün namizəd olmaq istədiyini bildirib.
O, idman karyerasını başa vurmaq niyyətində olmadığını, əksinə 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında iştirak edəcəyinə ümid etdiyini əlavə edib.
37 yaşlı idmançı siyasi təcrübəsi və partiya dəstəyi olmadığı üçün “dəli” hesab ediləcəyini gözlədiyini bildirib. Buna baxmayaraq, o, “Əgər təzyiqə boyun əyməkdən və xaosu qəbul etməkdən imtina etmək mənim dəli olduğumu göstərirsə, bəli, mən tamamilə dəliyəm”, - deyib.
“Mən ölkənin yanmasına tamaşa edərək bəhanələr axtaranlardan biri olmayacağam. Mən həyatımı masa arxasında keçirməmişəm. Mübarizə həmişə mənim bir hissəm olub. Dəfələrlə mübarizə aparmağın, yıxılmağın və yenidən ayağa qalxmağın nə demək olduğunu bilirəm", - deyə bildirib.
Rinerin bu qərarı analitiklər tərəfindən gözlənilməz gediş kimi dəyərləndirilir.
İndi Fransa seçki qanunvericiliyinə əsasən, Qvadelupa mənşəli idmançı namizədliyini rəsmən qeydə almaq üçün yerli və milli səviyyədə seçilmiş vəzifəli şəxslərdən ən azı 500 imza toplamalıdır.
Qeyd edək ki, Riner London (2012), Rio-de-Janeyro (2016), Tokio (2021) və Paris (2024) Olimpiya oyunlarında ikisi Parisdə olmaqla 5 qızıl medal qazanıb. Fransız idmançı həmçinin 12 qat dünya çempionu və beşqat Avropa çempionudur.
Xatırladaq ki, Fransa prezident seçkilərinin birinci turu 18 aprel 2027-ci il tarixinə təyin edilib. Əgər həmin gün prezidentliyə namizədlərdən heç biri səslərin 50%-dən çoxunu toplaya bilməsə, ən yüksək seçici dəstəyinə malik iki namizəd 2 mayda keçiriləcək ikinci turda iştirak edəcək. Rəy sorğularına görə, “İtaətsiz Fransa” partiyasının solçu namizədi Jan-Lük Melanşon və “Milli Birlik” partiyasının sağçı namizədi Marin Le Pen seçkilərin son ikinci turunda mübarizə aparmaq üçün ən çox ehtimal olunan namizədlərdir.
Tətbiqimizi yükləyə bilərsiniz