
“Apple” şirkət daxilində süni intellektdən istifadə ilə bağlı gündəlik xərcləri məhdudlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, oktyabr ayında mühəndis qrupları üçün gündəlik xərc limiti 300 dollardan 200 dollara endirilib.
Qeyd olunub ki, hazırda bu məbləğin 100 dollara qədər azaldılması müzakirə olunur.
“Mühəndislik bölmələrindən kənarda çalışan əməkdaşlar üçün isə daha sərt məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Belə ki, onların gündəlik süni intellekt büdcəsinin 25 dollarla məhdudlaşdırılması müzakirə edilir.
Bu qərar son illərdə iş proseslərində, o cümlədən öz çiplərinin hazırlanmasında süni intellektdən fəal istifadə edən “Apple”ın yanaşmasında dəyişiklik olduğunu göstərir.
Məhdudiyyətlər süni intellekt alətlərindən istifadənin qadağan edilməsi deyil, onların tətbiqinə çəkilən xərclərin azaldılması məqsədi daşıyır. Şirkət bu addımla yeni texnologiyaların faydası ilə artan istifadə xərcləri arasında tarazlıq yaratmağa çalışır”, - nəşr yazır.
Qeyd olunub ki, məsələ süni intellektin tətbiqinin iqtisadi səmərəliliyi ilə bağlı texnologiya sektorunda yaranan daha geniş tendensiyanı əks etdirir. Belə ki, şirkətlər əvvəlcə əməkdaşları neyron şəbəkələrdən mümkün qədər çox istifadə etməyə təşviq etsələr də, sonradan bunun yaratdığı yüksək xərcləri nəzərə alaraq büdcələrə məhdudiyyətlər qoymağa başlayıblar.
“Apple” məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Tətbiqimizi yükləyə bilərsiniz