
NATO ölkələri Ukraynaya hərbi dəstəklə bağlı götürdükləri öhdəlikləri yerinə yetirmək üçün təxminən 7 milyard avro əlavə vəsaitə ehtiyac duyurlar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” nəşri üç NATO diplomatına istinadən məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Ukraynaya hava hücumlarını gücləndirməsi və qış mövsümünün yaxınlaşması fonunda maliyyə çatışmazlığı Kiyevin raket və dron hücumlarından müdafiəsi üçün zəruri silahların tədarükünü çətinləşdirə bilər.
Qeyd edək ki, iyul ayında NATO-ya üzv 32 ölkə Ukraynaya 2026-cı ildə 70 milyard avro, 2027-ci ildə isə daha 70 milyard avro hərbi yardım ayırmaq barədə razılığa gəlib. Lakin 2026-cı ilin başa çatmasına iki aydan az vaxt qaldığı bir vaxtda müttəfiqlərin qarşıya qoyulan hədəfə çatması üçün təxminən 7 milyard avro çatışmır. Bu məbləğin hansı səbəblərdən formalaşdığı isə hələlik açıqlanmayıb.
Noyabrın 17-də NATO-nun Brüsseldəki qərargahında keçiriləcək görüşdə Avropa ölkələrinin maliyyələşdirməni artırmaq və Ukrayna üçün vacib silahların tədarükünü sürətləndirmək imkanlarını müzakirə edəcəkləri gözlənilir. Diplomatların sözlərinə görə, görüşdə yeni maliyyə öhdəlikləri elan oluna bilər. Bununla belə, ilin sonuna qədər nəzərdə tutulan yardım həcminə çatmaq mümkün olmaya bilər.
NATO sözçüsü isə müttəfiqlərin Ukraynaya lazımi hərbi dəstəyi göstərməyə davam etdiyini və ölkənin həm indiki, həm də gələcək ehtiyaclarının qarşılanması istiqamətində çalışdıqlarını bildirib.
Məlumata görə, 70 milyard avroluq yardım hədəfinə ölkələrin Ukraynaya birbaşa göstərdiyi ikitərəfli hərbi dəstək, eləcə də Avropa İttifaqının ayırdığı 90 milyard avroluq kreditin 30 milyard avroluq hissəsi daxildir.
Maliyyə çatışmazlığı Qərb ölkələrinin Ukraynaya hərbi yardımı davam etdirməkdə üzləşdiyi çətinliklərin artdığını göstərir. Donald Trampın ABŞ prezidentliyinə qayıtmasından sonra Vaşinqton yeni hərbi yardım paketlərinin ayrılmasını faktiki olaraq dayandırıb. Nəticədə hərbi dəstəyin əsas yükü Avropa ölkələrinin üzərinə düşüb.
Tətbiqimizi yükləyə bilərsiniz