Prezident Ağdama getdi – Fotolar


Azərbaycan Prezidenti İlham Əliyev bu gün 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub.
Yeniavaz.com
xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlətimizin başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 6 hektardan çox olan ərazidə xəstəxana kompleksinin əsas binası, əlavə korpuslar, həmçinin yardımçı tikili və qurğular inşa edilir. Xəstəxana kompleksində inzibati bölmə, qəbul və təcili tibbi yardım, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar, oftalmologiya, LOR, pediatriya və digər şöbələr fəaliyyət göstərəcək. Burada, həmçinin funksional və uşaq poliklinikaları, klinik diaqnostika laboratoriyası, şüa-diaqnostika, hemodializ, fizioterapiya və tibbi bərpa şöbələrinin yaradılması nəzərdə tutulur. Xəstəxana müasir standartlara cavab verən tibbi avadanlıqla təchiz ediləcək.

***

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ağdam Sənaye Parkında “Komfy” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib.
“Komfy” MMC-nin direktoru Fuad Nəcəfov müəssisə barədə dövlət başçısına məlumat verib.
Bildirilib ki, “Komfy” MMC-yə 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Müəssisənin illik istehsal gücü 130 min ədəd döşəkdir. Burada müxtəlif ölçüyə, konstruksiyaya və sərtlik dərəcəsinə malik döşəklərlə yanaşı, bonel və paket yay sistemləri də istehsal olunacaq. Müəssisədə Azərbaycanda ilk dəfə “roll-pack” formatında, yəni sıxılaraq rulon şəklində qablaşdırılan döşəklər istehsal ediləcək. Bu, daşınma xərclərini azaltmaqla ixrac imkanlarını genişləndirəcək. Beləliklə də məhsulların daxili bazarla yanaşı, digər ölkələrə satışı nəzərdə tutulur.
Müəssisə yerli və xarici hotellərin tələblərinə uyğun döşəklər də istehsal edəcək. Burada 65 nəfər daimi işlə təmin ediləcək. Ümumi dəyəri 2,5 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) dövlət zəmanəti ilə 700 min manat kredit vəsaitindən istifadə edilib. Sənaye Parkının rezidenti kimi müəssisə 114 min manat dəyərində əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumlarından azad olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2021-ci ildə yaradılmış Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Burada 37 rezident və 2 qeyri-rezident olmaqla, ümumilikdə 39 müəssisə qeydiyyata alınıb. Layihələrin ümumi dəyəri 375,5 milyon manat, faktiki yatırılmış investisiyanın məbləği 192,6 milyon manatdır. Layihələr üzrə hazırda 1000-dən çox insan işlə təmin olunub. Rezidentlərin ümumi satış həcmi 2,96 milyard manata, ixracın həcmi isə 132,6 milyon manata çatıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ağdam Sənaye Parkında “ASMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib.
“Almet Holding” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təsisçisi Şirin Camallı dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, əsas təsisçisi “Almet Holding” ASC olan “ASMC” MMC 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Ümumi dəyəri 24,9 milyon manat olan layihə iki mərhələdə həyata keçirilir. Dəyəri 8,8 milyon manat olan birinci mərhələnin maliyyələşdirilməsində özəl vəsaitlə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən subsidiyalaşdırılan 4,7 milyon manata yaxın bank kreditindən istifadə edilib. İkinci mərhələ üzrə 16,1 milyon manat investisiya nəzərdə tutulur. Sənaye Parkının rezidenti kimi müəssisə 470 min manat dəyərində əlavə dəyər vergisi (ƏDV) və gömrük rüsumlarından azad olunub.
Təqribən 1,7 hektar ərazidə yerləşən zavodda polad həsir, tikanlı, çəkilmiş, yanmış və sinklənmiş məftil və mismar istehsal olunacaq. Birinci mərhələdə illik istehsal gücü 4 min 920 ton polad həsir, 3 min 480 ton çəkilmiş məftil, 3 min 180 ton mismar, 1800 ton yanmış məftil, 12 min ton məftil və 1080 ton soyuq deformasiya olunmuş armatur təşkil edəcək. İkinci mərhələdə isə illik 10 min ton qalvanikləşdirilmiş və 8 min 240 ton yüksəkkarbonlu çəkilmiş məftil istehsalı planlaşdırılır.
Müəssisənin istehsal etdiyi polad həsir, məftil və mismar azad olunmuş ərazilərdə aparılan tikinti-bərpa işlərində geniş istifadə edilən materiallardır. Bu məhsulların bölgədə istehsalı tikinti layihələrinin materialla yerindən təminatına və daşınma xərclərinin azalmasına imkan yaradır.
İtaliya, Almaniya, Türkiyə və Çinin aparıcı şirkətlərinin avadanlığının quraşdırıldığı müəssisədə məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da nəzərdə tutulur.
Hazırda burada 26 nəfər çalışır. Müəssisə tam gücü ilə işə düşəndən sonra daimi iş yerlərinin sayı 100-ə çatdırılacaq.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin ölkənin iqtisadi məkanına reinteqrasiyası istiqamətində dövlət başçısının rəhbərliyi ilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Sənaye parklarında yaradılan infrastruktur, vergi və gömrük güzəştləri, Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli maliyyələşmə və zəmanət mexanizmləri özəl sektorun regiona investisiya yatırmasını stimullaşdırır.

*** 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub.
“Aqroinkişaf 2017” MMC-nin direktoru Ruslan Sadıxov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, şirkət tərəfindən 2020-ci ilin dekabrından işğaldan azad olunmuş Ağdam ərazisində sahələr minalardan və hərbi sursatlardan təmizlənəndən sonra torpaq hazırlığı və planlaşdırma işləri görülərək, dərhal əkinə başlanılıb. İlkin olaraq ərazidə taxıl əkini aparılıb. Taxıl sahələrində məhsuldarlıq 40 sentner təşkil edib.
Hazırda isə burada 1150 hektar ərazidə zeytun bağı salınıb. Ərazidə 700 mindən çox ağac əkilib. Gələcəkdə isə zeytun və badam ağaclarının sayının 1 500 minə çatdırılması nəzərdə tutulur.
Burada ildə 10 min ton zeytun (və ya 2 min ton yağ) istehsalı planlaşdırılır. İstehsalatda müasir kənd təsərrüfatı texnikasından istifadə edilir.
Layihə çərçivəsində müvəqqəti suvarma kanalları çəkilib, Eyvazxanbəyli-Xaçınçay avtomobil yolu (3690 metr) təmir olunub, inzibati və texniki zonalar yaradılıb. On hektar ərazidə meşə massivi salınıb, əlavə olaraq 50 hektar meşə sahəsinin salınması planlaşdırılır. Ərazidə yanacaqdoldurma məntəqəsi, meteostansiya yaradılıb.
Dövlət başçısına ölkəmizdə qoz istehsalı sənayesi barədə də məlumat verildi. Azərbaycana qoz idxalının əvəzlənməsi və ixracyönümlü qoz istehsalı sənayesinin yaradılması məqsədilə 2017-ci ildən başlayaraq “Aqroinkişaf 2017” MMC tərəfindən Şəki-Oğuz rayonlarının ərazisində 2 min hektardan çox sahədə müasir intensiv salxımlı qoz növləri yetişdirilən bağların salınması artıq yekunlaşmaq üzrədir.
Prezident İlham Əliyev 2022-ci ildə Oğuz rayonunda qozyuma, qurutma, çeşidləmə və qablaşdırma zavodunun təməlini qoyub. MMC tərəfindən bu müəssisə üçün 2025-ci ildə illik istehsal gücü 10 min ton qoz olan qurğular alınaraq istismara verilib.
Toplanmış qoz məhsulu əsasən daxili bazarda satılmaqla yanaşı, xarici bazarlara da (Türkiyə, Gürcüstan, Rusiya, İtaliya) ixrac olunub. Min hektara yaxın sahədə isə müasir intensiv badam bağları salınır.
Müəssisə müasir kənd təsərrüfatı texnikası, damcı suvarma sistemi, meteostansiyalar, fito-laboratoriya və digər zəruri avadanlıqla təchiz olunub.
Prezident İlham Əliyevə “Acınohur Zeytun vadisi” layihəsi üzrə görülən işlər barədə də ətraflı məlumat verildi.
Sonda Prezident İlham Əliyev ərazidə zeytun ağacı əkib.



























DİGƏR XƏBƏRLƏR

Top