
Paraqvay Prezidenti Santyaqo Penya təxminən 3 milyon müştərinin hesablarının dondurulması ilə nəticələnən “Ueno Bank”ın müflisləşməsindən sonra istefa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Respublika Prezidenti vəzifəsindən istefa vermək qərarına gəldim. Mən bunu ölkəmizin sabitliyi, sosial sülh və demokratik institutlarımızın qorunması üçün edirəm”, - o qeyd edib.
Penya həmçinin ölkə vətəndaşlarından üzr istəyib.
“Bu gün mənim yalnız bir prioritetim var: əmanətlərini maliyyə sistemimizə etibar edən paraqvaylıların rahatlığı. Əsas arzum bu vəsaitlərin qaytarılmasının təmin edilməsi, Əmanət Zəmanəti Fondunun öz missiyasını yerinə yetirməsi və bütün paraqvaylılara məxsus dövlət vəsaitlərinin və resurslarının qorunmasıdır”, - deyə o əlavə edib.
O, həmçinin əlavə edib ki, istefa qərarı onun həyatında verdiyi ən çətin qərarlardan biri olub.
Qeyd edək ki, Paraqvay konstitusiyasına görə, dövlət başçısının istefası halında onun səlahiyyətlərini vitse-prezident öz üzərinə götürməlidir.
Xatırladaq ki, bunda nəvvəl Paraqvay Mərkəzi Bankı xəbərdarlıq etmədən “Ueno Bankı” müflis elan etmiş və nəticədə, oradakı bütün hesablar dondurulmuşdu. Bankın müştəri bazasının təxminən 3 milyon olduğu təxmin edilir. Paraqvayın ümumi əhalisi isə 7 milyondur.
Tətbiqimizi yükləyə bilərsiniz