
Londonda məşhur filmlərin ikonik əşyalarının genişmiqyaslı hərracı keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb.
Məlumata görə, təşkilatçı “Propstore” hərracdan təxminən 10 milyon funt sterlinq əldə etməyi planlaşdırır.
Ən diqqətəlayiq əşyalar arasında “Qara Cəngavər” (2008) və “Qara Cəngavər: Əfsanənin Yüksəlişi” (2012) filmlərindəki “Betpod” motosikletidir. Onun təxmini qiyməti 450 000-lə 900 000 funt sterlinq arasındadır.
Kristian Beylin “Betmen: Başlanğıc” filmindəki kostyumunun da təxminən 125 000–250 000 funt sterlinqə satılacağı gözlənilir.
Mütəxəssislər 1984-cü ildə çəkilmiş “İndiana Cons və Qiyamət Məbədi” filmindəki “İndiana Cons dəsti”ni müstəsna kolleksiya əşyası adlandırırlar.
Dəstə keçə şlyapa, kaskadyor köynəyi və səkkiz futluq (2,4 metr) qamçı daxildir. Şlyapa və köynək Harrison Fordun kaskadyor dublyoru Vik Armstronqa məxsus olub. Dəstin qiyməti 400 000-lə 800 000 funt sterlinq arasında dəyişir. Təkcə qamçının qiyməti isə 200 000-lə 400 000 funt sterlinq arasındadır.
Digər lotlara “Taxt-tac Oyunları”ndan Con Snounun istifadə etdiyi Uzuncaynaqlı qılıncı (50 000 funt sterlinqdən 100 000 funt sterlinqə qədər) və qiyməti 20 000 funt sterlinqdən başlayan Droqonun əjdaha yumurtası daxildir.
Tətbiqimizi yükləyə bilərsiniz