
Fransada həmkarlar ittifaqları tərəfindən təşkil edilən kütləvi nümayişlər davam edir.
Yeniavaz.com BFMTV-yə istinadla xəbər verir ki, Fransanın onlarla şəhərində 250 mindən çox insan iştirak edib.
Nümayişlərdə qiymətlərin artmasına və hökumətin planlaşdırdığı qənaət tədbirlərinə qarşı etirazlar səsləndirilib.
“Küçələrdən hökumətə mesajımız açıqdır: Bizi heç nə dayandıra bilməz. Etirazlara son qoyacaq yeganə şey tələblərimizin təmin edilməsidir”, - deyə Fransanın Ümumi Əmək Konfederasiyasının (CGT) baş katibi Sofi Bine bildirib.
O, hazırda 1500 avrodan bir qədər az olan minimum əmək haqqının 10% artırılması, eləcə də dövlət sektorunun əmək haqqı və pensiyalarının indeksləşdirilməsi də daxil olmaqla bir sıra tələbləri irəli sürüb. Sofi Bine həmçinin yüksək yaşayış xərcləri ilə mübarizə aparmaq və məktəblərdəki uşaqların layiqli təhsil almasını təmin etmək üçün tədbirlər görülməsini tələb edib.
Məlumata görə, Parisdə keçirilən genişmiqyaslı etiraz aksiyasında polis iştirakçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, noyabrın 5-də Fransada əmək haqqının artırılması və hökumətin əlavə qənaət tədbirlərindən imtina etməsi tələbi ilə kütləvi nümayiş keçirilib. Hakimiyyət orqanları ölkə üzrə nümayişlərdə ümumilikdə 780 min insanın iştirak edə biləcəyini təxmin edir.
Tətbiqimizi yükləyə bilərsiniz