Ərdoğan Zəfər Günündə Azərbaycana səfər edəcəyini açıqlayıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də – Zəfər Günündə Azərbaycana səfər edəcəyini açıqlayıb.
Yeniavaz.com
NTV-yə istinadla xəbər verir ki, o bu barədə Cənubi Koreyadan qayıdarkən təyyardə jurnalistlərin suallarını cavablayan zaman danışıb.
Jurnalistlərdən biri Ərdoğandan Azərbaycanla münasibətləri necə qiymətləndirdiyini və iki ölkə arasında böhran yaşandığına dair şərhlərə münasibətini soruşub.
Noyabrın 8-nin Azərbaycanın Zəfər Günü olduğunu xatırladan Ərdoğan həmin əlamətdar gündə Azərbaycana səfər edəcəyini deyib.
“İnşallah, bu səfər münasibətilə lazımi addımları atmaq imkanımız da olacaq”, – deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğan sözlərinə belə davam edib:
“Azərbaycan Prezidenti cənab İlham Əliyevlə artıq telefon danışıqlarım olub. Bu arada həm kəşfiyyat rəhbərimi, həm də xarici işlər nazirimi Azərbaycana göndərdim. Bundan əlavə, telefon diplomatiyası çərçivəsində həm İlham bəylə, həm də xanımlar arasında danışıqlar aparılıb və davam etdirilir. Onlar da ayın 8-də qeyd olunacaq Zəfər Gününə böyük əhəmiyyət verirlər.
Həmişə deyirəm ki, Azərbaycanla münasibətlərimiz klassik diplomatik təmaslardan çox-çox irəlidədir. İki ölkənin qırılmaz bağları ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah, gələcəyimizin məhsuludur. Türkiyə ilə Azərbaycanın qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top