
ABŞ Prezidenti Donald Tramp İranla bağlı milli fövqəladə vəziyyətin, o cümlədən İrana qarşı birtərəfli sanksiyaların müddətini bir il də uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Federal Register”də (rəsmi hökumət sənədləri toplusudur – red.) dərc olunmuş bəyanatda bildirilir.
Mətndə qeyd edildiyi kimi, ABŞ-nin İranla münasibətləri hələ normallaşmayıb və 19 yanvar 1981-ci il tarixli ikitərəfli sazişlərin həyata keçirilməsi prosesi davam edir.
Bu, 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girov saxlanılan amerikalı diplomatların azad edilməsinə səbəb olan “Əlcəzair Sazişləri”nə aiddir. Bu sənədlər, xüsusən də, ABŞ və İranın bir-birinin daxili işlərinə qarışmaması prinsipini nəzərdə tutur.
“Bu səbəbdən, 14 noyabr 1979-cu ildə elan edilmiş milli fövqəladə vəziyyət və həmin fövqəladə vəziyyəti aradan qaldırmaq üçün o zaman qəbul edilmiş tədbirlər 14 noyabr 2026-cı ildən sonra da qüvvədə qalacaq. Mən İranla bağlı milli fövqəladə vəziyyəti bir il müddətinə uzadıram”, - Tramp əlavə edib.
Qeyd edək ki, 14 noyabr 1979-cu ildə ABŞ-nin 39-cu prezidenti Cimmi Karter Tehranda amerikalı girovların ələ keçirilməsinə cavab olaraq 12170 nömrəli İcra Fərmanını imzalayıb. ABŞ Maliyyə Nazirliyinə Amerika banklarında və onların xarici filiallarında hesablar da daxil olmaqla, ABŞ-dəki bütün rəsmi İran aktivlərini dondurmaq tapşırılıb. Bu, İrana qarşı ilk cəzaverici iqtisadi tədbirlərin tətbiqi demək idi.
7 aprel 1980-ci ildə Karter Tehranla diplomatik münasibətləri kəsib və ABŞ-nin İrana bütün ixracını, o cümlədən ərzaq və dərman ixracını qadağan edib. Daha sonra İranın ABŞ-yə bütün idxalına embarqo və amerikalıların İrana səyahətinə qadağa qoyulub.
Tətbiqimizi yükləyə bilərsiniz