
22 “Böyük Dəbilqə” turnirinin qalibi, ispaniyalı Rafael Nadal “Real Madrid” futbol klubunun direktorlar şurasının üzvü olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Real Madrid”in mətbuat xidməti məlumat verib.
“Rafael Nadal idman tarixinin ən böyük əfsanələrindən və dünyanın ən hörmətli və tanınmış ispan idmançılarından biridir. İspaniya və dünya idmanında etalon olan bir insanın direktorlar şuramıza qoşulması və bu vacib vəzifədə klubumuzun bu gününə və gələcəyinə töhfə verməsi “Real Madrid” və Madrid klubunun bütün azarkeşləri üçün böyük şərəfdir”, - klubun mətbuat xidməti bildirib.
Qeyd edək ki, 40 yaşlı Nadal “Real Madrid” azarkeşidir. Onun əmisi Anxel Nadal İspaniya milli futbol komandasında oynayıb.
Nadal dünyanın bir nömrəli tennisçisi kimi 209 həftə keçirib. İspaniyalı tennisçinin Tennis Peşəkarları Assosiasiyası (ATP) turnirlərində 92 qələbəsi var. O, həmçinin, ikiqat Olimpiya çempionudur: 2008-ci ildə təkbətək, 2016-cı ildə isə Mark Lopeslə birlikdə qoşa titul qazanıb. Milli komanda ilə Nadal dörd dəfə Devis Kubokunun sahibi olub (2004, 2009, 2011, 2019).
Tennisçi həmçinin, İspaniyanın Kral İdman Xidmətləri Ordeninin laureatıdır. 2006-cı ildə o, “İlin Yeni Oyunçusu” üçün nüfuzlu “Laureus” mükafatına, 2011 və 2021-ci illərdə isə “İlin İdmançısı” üçün mükafatlara layiq görülüb.
Nadal 2008, 2010, 2013, 2017 və 2019-cu illərdə ATP-nin ən yaxşı tennisçisi olub.
Tətbiqimizi yükləyə bilərsiniz