
ABŞ Prezidenti Donald Tramp Günəş sistemini və Yer kürəsindən kənarda bütün kosmik məkanı bəşəriyyətin ümumi sərvəti elan edən bəyannamə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, “Amerikanın kosmosda azadlıq bəyannaməsi” adlanan sənəd noyabrın 3-də Ağ Evin rəsmi saytında dərc edilib.
“Bu gün biz bəşəriyyəti kainatın ən ucqar nöqtələrinə çatdırmaq kimi təntənəli missiyamızı yenidən təsdiqləyirik. Biz təsdiq edirik ki, Amerika Birləşmiş Ştatları bu cəsarətli səydə aparıcı rol oynayacaq”, - sənəddə deyilir.
Bəyannamədə qeyd edilidiyi kimi Günəş sistemi və Yer kürəsindən kənardakı bütün kosmos bəşəriyyətin ümumi sərvətidir və tədqiqatlar üçün açıq olmalıdır.
Sənədə əsasən, Amerika vətəndaşları ABŞ qanunlarına və ölkənin beynəlxalq öhdəliklərinə uyğun olaraq kosmosda daimi infrastrukturu araşdıra, inkişaf etdirə, istifadə edə biləcəklər.
Prezident həmçinin bu sənədlə 2028-ci ilə qədər Aya qayıtmaq, onun səthində daimi Amerika mövcudluğu üçün zəmin yaratmaq və Marsa ilk Amerika enişi üçün hazırlıqları sürətləndirmək planlarını elan edib.
Qeyd edək ki, avqustun 28-də Tramp ilk ABŞ Kosmik Akademiyası üçün layihə hazırlamaq məqsədilə komissiyanın yaradılması barədə sərəncam imzalayıb. Sənədə əsasən, akademiya kosmik tədqiqatlar və milli təhlükəsizlik üçün mütəxəssislər hazırlamağı planlaşdırır.
Tətbiqimizi yükləyə bilərsiniz